YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Birləşmiş Ərəb Əmirliklərində keçirilən VI Beynəlxalq Hökumət Rabitəsi Forumunda iştirak edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca əmirliyində “VI Beynəlxalq Hökumət Rabitəsi Forumu – 2017” keçirilir. Forum BƏƏ-nin Ali Şurasının üzvü, Şarca əmirliyinin hakimi Şeyx doktor Sultan Bin Məhəmməd Əl-Qasiminin himayəsi altında təşkil olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə forumda iştirak edən Baş nazirin müavini Əli Əhmədov həm də tədbirə fəxri qonaq qismində qatılıb. Həmçinin ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov, Dubay və Şimal əmirliklərindəki Baş konsulu Pərviz İsmayılzadə də tədbirdə iştirak edib. ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor, Almaniyanın sabiq prezidenti Horst Kohler, Ərəb körfəzi Əməkdaşlığı Şurasının baş katibi Əbdüllətif Bin Rəşid Əl-Zayani, Nobel sülh mükafatı laureatı Məhəmməd Yunis, eləcə də xarici ölkələrin dövlət rəsmiləri və digər tanınmış qonaqlar da iştirakçılar arasında olub.

Açılış mərasimindən əvvəlcə BƏƏ-nin Ali Şurasının üzvü, Şarca əmirliyinin hakimi Şeyx doktor Sultan Bin Məhəmməd Əl-Qasimi ilə Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov arasında görüş keçirilib.

Baş nazirin müavini dövlətimizin başçısının salamlarını və xoş arzularını Şarca hakiminə çatdırıb.

Görüşdə Əli Əhmədov ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb və Azərbaycanın bu əlaqələri bütün sahələrdə inkişaf etdirmək istəyini diqqətə çatdırıb. Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, münaqişənin həllində BƏƏ-nin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünu bildirib.

Əli Əhmədov Şarca əmirliyinin hakimi Şeyx doktor Sultan Bin Məhəmməd Əl-Qasimini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizə rəsmi səfərə dəvət edib və bu səfərin Azərbaycan ilə Şarca əmirliyi arasında əlaqələrin inkişafında müstəsna əhəmiyyət daşıyacağını diqqətə çatdırıb.

Şarca hakimi Şeyx doktor Sultan Bin Məhəmməd Əl-Qasimi, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevə onun salamlarını və xoş arzularını çatdırmağı xahiş edib. O, ölkələrimizin, xüsusən də rəhbərlərimizin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Şeyx doktor Sultan Bin Məhəmməd Əl-Qasimi Azərbaycan Prezidentinin dəvətinə görə minnətdarlığını ifadə edərək, bu səfəri tezliklə gerçəkləşdirmək niyyətində olduğunu bildirib. O, Azərbaycanda son 14 ildə dinamik inkişafın şahidi olduğunun və ölkəmizdə gedən iqtisadi və sosial inkişafı yaxından izlədiklərini söyləyib.

Forumu açan BƏƏ-nin Ali Şurasının üzvü, Şarca əmiri Şeyx doktor Sultan Bin Məhəmməd Əl-Qasimi beynəlxalq tədbirin əhəmiyyətindən və müzakirə edilən məsələlərin vacibliyindən danışıb.

Tədbirdə, həmçinin Şarca Media Mərkəzinin sədri Şeyx Sultan Bin Əhməd Əl-Qasimi çıxış edib.

Açılış mərasimində Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Prezident İlham Əliyevin forumun iştirakçılarına ünvanladığı müraciəti oxuyub, dövlətimizin başçısının salamlarını çatdırıb.

Ə.Əhmədov deyib ki, Beynəlxalq Hökumət Rabitəsi Forumu müasir dünyanın üzləşdiyi qlobal çağırışlara qarşı mübarizənin ən aktual aspektlərindən birinə həsr olunması ilə diqqəti cəlb edir. Yaşadığımız dünyanı düşündürən aclıq, yoxsulluq, xəstəliklər, qeyri-bərabərlik, ekoloji tarazlığın pozulması, müharibələr və terrorçuluq kimi qlobal problemlər dövlətləri və xalqları 2030-cu ilədək olan dövr üçün Dayanıqlı İnkişaf Məqsədləri ətrafında birləşməyə vadar edib. Birləşmiş Millətlər Təşkilatının bu təşəbbüsü Azərbaycan hökuməti tərəfindən qətiyyətlə dəstəklənir.

Ötən il Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinin qeyd edildiyini diqqətə çatdıran Əli Əhmədov deyib: “Qürurla deyə bilərəm ki, Azərbaycan artıq dünyanın sürətlə inkişaf edən və yeniləşən dövlətlərindən biri kimi tanınır. Son 12 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. İqtisadiyyata 200 milyard dollara yaxın sərmayə qoyulub, nəhəng infrastruktur layihələri həyata keçirilib. Bir milyon yarımdan çox yeni iş yerləri yaradılıb. İşləyən əhalinin təxminən üçdəbiri yeni yaradılan iş yerlərində çalışır. Əmək haqları 3 dəfədən çox artırılıb. Yoxsulluğun aradan qaldırılması sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər ayrıca vurğulanmağa layiqdir. 2005-ci ildən 2015-ci ilə qədər, cəmi 10 il ərzində yoxsulluq həddi 50 faizdən 5 faizə endirilərək 10 dəfə azaldılıb”.

Əli Əhmədov qeyd edib ki, Azərbaycanda etibarlı sosial müdafiə sistemi mövcuddur. Dövlət pensiya və sosial yardımlar institutları vasitəsilə yaşa və ya digər səbəblərə görə işləyə bilməyən əhaliyə layiqli həyat şəraiti təmin edir. Savadsızlıq problemi bizim cəmiyyətdə çoxdan və birdəfəlik həll olunub. Ehtiyacı olan hər kəsə səhiyyə xidməti göstərilir. Ömrün uzunluğu 73 ilə çatıb. Sosial infrastruktur köklü surətdə yenidən qurulub. 12 il ərzində 3000 məktəb, 600 xəstəxana tikilib, yaxud əsaslı şəkildə təmir edilib.

“Azərbaycan neft ixrac edən ölkələrdəndir”, - deyən Baş nazirin müavini bildirib ki, dünyada neftin qiymətinin 3 dəfəyə qədər ucuzlaşması iqtisadi siyasətin yeni konsepsiyasıni tətbiq etməyi şərtləndirir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Sənaye, kənd təsərrüfatı, turizm sektorlarının inkişafına xüsusi diqqət yetirilir. Davamlı İnkişaf Məqsədlərində təmsil olunan Azərbaycan növbəti onillikdə orta inkişaf etmiş ölkələrin sırasına qoşulmaq niyyətindədir. Bunun üçün yetərli iqtisadi, insan və təbii ehtiyatlarımız var.

Əli Əhmədov qeyd edib ki, zamanında Dubayın, bir sıra Şərq ölkələrinin göstərdiyi iqtisadi yüksəliş möcüzələrini təkrar etməyə nail olmuş ölkələrdən biri, heç şübhəsiz, Azərbaycandır. Bununla belə, onu da diqqətə çatdırım ki, Azərbaycan bu inkişafı torpaqlarının bir hissəsinin işğal altında olduğu, faktiki hərbi münaqişə şəraitində qazana bilib. 25 ildən çoxdur ki, ərazilərimizin təxminən 20 faizi qonşu Ermənistan tərəfindən işğal edilib, bir milyon vətəndaş öz ölkəsində məcburi köçkün vəziyyətindədir. İşğalın aradan qaldırılması Azərbaycanın iqtisadi inkişafı qarşısında daha geniş imkanların yaradılması demək olardı. Dünya dövlətləri, beynəlxalq təşkilatlar öz səylərini qlobal problemə çevrilmiş aclığa, yoxsulluğa, qeyri-bərabərliyə yönəltməklə bərabər, eyni zamanda, işğal və terrora qarşı durmağı da bacarmalıdır. Azərbaycan bu istiqamətdə bütün səylərə öz töhfəsini verməyə hazırdır.

Forumda 3000 yaxın qonaq, o cümlədən 150 beynəlxalq nümayəndə heyəti, yüksək səviyyəli rəsmi şəxslər, keçmiş dövlət və hökumət başçıları, 200 yaxın hökumət rabitəsi üzrə beynəlxalq və regional ekspertlər iştirak edir. Forumda hökumət rabitə sistemlərinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl təcrübənin cəlb edilməsi, hökumət rabitə sistemində sosial medianın rolu və digər məsələlər müzakirə olunur.