YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kolumbiya Senatı Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə qəbul edib

Kolumbiya Respublikasının Senatı Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə qəbul edib.

Azərbaycanın bu ölkədəki səfirliyindən bildiriblər ki, Kolumbiya Senatının vitse-prezidentinin, xarici əlaqələr və milli müdafiə komissiyasının prezidentinin, eləcə də senatorların imzaladığı bu qərarnamə Senat tərəfindən Azərbaycan Respublikasının Kolumbiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Ramil Fərzəliyevə təqdim edilib.

Sənəddə bildirilir ki, Senat üzvləri Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bu faciəvi günün yüzlərlə qurbanının xatirəsini anaraq, Azərbaycan xalqı ilə həmrəyliyini bildirir.

Qərarnamədə 25 il əvvəl - 1992-ci il fevralın 26-da Ermənistan qoşunları və Dağlıq Qarabağdakı separatçılar tərəfindən yüzlərlə azərbaycanlı qadının, uşağın və qocanın qətl edilməsi ilə bağlı şiddətli faktların dünya tarixində bir daha təkrarlanmamasının vacibliyi qeyd olunur.

Kolumbiya xalqının da mənasız müharibədən uzun illər əziyyət çəkdiyi bildirilib, Azərbaycan və Ermənistan xalqlarının da münaqişəni sülh razılaşması ilə həllinə dair Kolumbiyanın arzusu ifadə edilir.

Qərarnamədə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirərək Ermənistan qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərindən çəkilməsi ilə bağlı Ermənistana çağırış edilir.

Azərbaycan xalqının daim beynəlxalq instansiyalara müraciət edərək insan haqları, beynəlxalq humanitar haqlar və ərazi bütövlüyü hüququnun qorunması zəmanəti ilə sülhə nail olmaq üçün Ermənistan xalqı ilə danışıqların aparılması üçün göstərdiyi səylərinin alqışlandığı qərarnamədə bildirilir. Bu qərarnamə ilə Azərbaycan xalqına Kolumbiya Senatının dəstəyinin ifadə edildiyi göstərilir.

Ramil Fərzəliyev ədaləti dəstəklədiyinə, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtirama və münaqişədən əziyyət çəkən Azərbaycan xalqına göstərilən dəstəyə görə xalqımız və hökumətimiz adından Kolumbiya Senatına təşəkkür edib.

Qeyd edək ki, Kolumbiya Senatında 2012-ci ildə də “Azərbaycan Respublikası ərazisinin işğal edilməsi” barədə qərar qəbul edilib.