YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində elmi-praktiki konfrans keçirilir

Martın 15-də Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.

Elmi-praktiki konfrans Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda “Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında sessiyalar təşkil ediləcək.

BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Beynəlxalq Su Həftəsi çərçivəsində keçiriləcək tədbirlər qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Su həftəsi çərçivəsində keçirilən tədbirlərə dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirə marağın yüksək olduğunu göstərir.