YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saltuk Düzyol: Hazırkı vəziyyətdə “Türk axını” TANAP layihəsinə rəqib ola bilməz

Hazırki vəziyyətdə “Türk axını” layihəsi Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə rəqib ola bilməz.

Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O bildirilib ki, hər hansı bir təbii qaz kəməri zəncirinin yaradılması və lazımi infrastruktura investisiya qoyuluşu üçün ən azı 5-6 il tələb edir. Boru kəməri zənciri yaradılarkən ilk növbədə təbii qazın mənbəyi olan ölkələr ilə alıcı ölkələrin şirkətləri arasında alqı-satqı müqavilələri imzalanmalı, yəni müəyyən zəmanət olmalıdır. Sonra isə ölkələr arasında tranzit daşınmalara dair hüquqi və texniki infrastrukturun yaradılması, lazımi icazələrin alınması və qazı nəql edənlər ilə daşıyıcılar arasında nəqletmə müqavilələri imzalanmalı, həmçinin investisiyalar üzrə banklardan kredit cəlb edilməlidir. Bütün bunlardan sonra isə yekun investisiya qərarı verilir. TANAP bütün bu şərtlərə uyğun bir layihə olaraq həyata keçirilir. “Türk axını” da oxşar layihə kimi bu şərtlərə uyğunlaşmaq məcburiyyətindədir. Rusiyanın tədarükçü ölkə kimi bu layihəni həyata keçirməyi istəməsinin əsas səbəbi hazırda Avropaya qaz ixracında tranzit ölkələrlə yaşadığı problemləri azaltmaq və qitə bazarı üçün etibarlı tədarükçü mövqeyini əvvəlki kimi möhkəmləndirməkdir. Hazırkı vəziyyətdə “Türk axını”nın TANAP-a rəqib olması mümkün deyil. Çünki TANAP-la nəql ediləcək qaz həcmi və daşıma tarifi daşıyıcı şirkətlər olan “Botaş” və “AGSC” ilə imzalanan 15 illik qaz daşıma müqavilə üzrə həyata keçiriləcək. Lakin satıcı şirkətlər, yəni qaz daşıyıcılarının prizmasından baxanda təbii ki, hər hansı bir rəqabət yarana bilər. TANAP ilə qaz daşıma müqaviləsi olan daşıyıcı şirkətlər istər Türkiyədəki çıxış nöqtələrində türk alıcılara, istərsə də Türkiyə-Yunanıstan sərhədində avropalı alıcılara qazı satarkən “Türk axını” ilə nəql ediləcək Rusiya qazı ilə qiymətdə rəqabətə girməli olacaqlar. Qazın qazla rəqabəti isə həm Türkiyədəki, həm də Avropadakı istehlakçıların xeyrinə olacaq.

“Təbii qaz nəqli və satışı iki ayrı sahədən ibarətdir. Burada rəqabət qazın daşınmasında yox, satışında olacaq. TANAP və “Türk axını” tamamilə qaz nəqli üzrə yaradılan şirkətlərdir. Qazın satışı bizim işimiz deyil. “Türk axını” layihəsi ilə Rusiya qazının Qara dənizi qoşa boru kəməri ilə keçməklə əvvəlcə Türkiyəyə, sonra isə Türkiyə və Yunanıstan ərazisindən Avropaya çatdırılması planlaşdırılır. Lakin həmin qazın Avropaya satılması üçün qitə sərhədləri daxilində ya mövcud boru kəməri sisteminə qoşulmalı, ya da yeni boru kəməri sistemi qurulmalıdır. Bunun üçün də əlavə sərmayə qoyulmalı və ya “Trans-Adriatik” (TAP) qaz boru kəməri kimi oxşar boru kəmərindən istifadə etmək lazımdır. Təbii ki, bu məqamda Avropa İttifaqı sərhədləri daxilində qaz nəqli və satışını həyata keçirmək üçün qüvvədə olan qanunvericilik üzrə bəzi prosedurlara əməl etmək lazımdır”, - deyə S.Düzyol əlavə edib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin quru hissəsinin inşası çərçivəsində 4 lot üzrə indiyədək 1600 kilometrdən çox uzunluqda xəndək qazılıb. Boru kəmərinin 56 düym diametrli və ümumilikdə 1334 kilometr uzunluğundakı ilk üç lotu üzrə xəndəyin qazılması artıq yekunlaşıb. Bu vaxtadək TANAP-ın 4 lotu üzrə təqribən 1450 kilometr borular marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə isə 1360 kilometr uzunluğunda boruların qaynağı tamamlanıb.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə hər biri 15,75 milyard kubmetr tutuma malik iki boru kəmərinin inşa edilməsi nəzərdə tutulur. İlk boru kəmərinin Türkiyəyə, ikinci kəmərin isə zəruri zəmanət təmin olunacağı təqdirdə Avropaya çatdırılması planlaşdırılır.