YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “CaspianAgro 2017” sərgisi keçiriləcək

17-19 may tarixlərində Bakıda kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu – 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgisi keçiriləcək. Keçirildiyi illər ərzində “CaspianAgro” sərgisi hər il mütəxəssislər arasında görüşlərin keçirilməsi, habelə kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından etibarlı platforma kimi özünü doğruldub.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” adlı Dövlət Proqramının həyata keçirilməsinin üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda qeyd edilib ki, hazırda kənd təsərrüfatı sektoru ölkədə uğurla inkişaf edir, ötən il ilə müqayisədə 2.6 faiz inkişaf edib və bu müsbət dinamikanı qoruyub saxlamaq üçün gələcəkdə daha ciddi addımlar atılacaq.

Uzun illərdir ki, Kənd Təsərrüfatı Nazirliyi “CaspianAgro” sərgisinə yaxından dəstək göstərir və sərginin işində fəal iştirak edir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Bu il “CaspianAgro 2017” sərgisində Azərbaycan, Belarus, Çin, İtaliya, Rusiya, Şri-Lanka, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distribyutorları iştirak edəcəklər. Üçüncü ildir ki, sərgidə Gürcüstan öz milli pavilyonu ilə təmsil olunacaq. Bu il debütantların arasında İpək Yolu üzərində, Jianqxi (Ciangşi) (Çinin cənub hissəsi) vilayətini təmsil edən Çin şirkətləri var.

Həmçinin, bu il ilk dəfə olaraq Niderland Krallığı sərgidə tərəfdaş-ölkə qismində çıxış edir. Ötən il sərgini ziyarət etmiş Maastrix Menecment Məktəbinin prezidenti, Niderland Krallığı Senatının keçmiş sədri və Aİ Parlament Assambleyasının (“PASE”) fəxri rəhbəri Rene Van der Linden qeyd edib ki: “- Bu sərgi kənd təsərrüfatı sektorunun inkişafı, xüsusən də “B2B” (“korporativ kommersiya əlaqələri”) formatda püxtələşməsi üçün əla imkan yaradır. Bu forum məni valeh edib və mən hesab edirəm ki, Niderland şirkətlərinin bu sərgidə iştirakı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə kömək edəcək.” Beləliklə, Niderland Krallığının sərgidə tərəfdaş ölkə qismində çıxış etməsi holland şirkətlərinin “CaspianAgro” sərgisində çoxillik iştirakının uğurlu nəticəsidir. “CaspianAgro 2017” sərgisinin qeydiyyat üzrə sponsoru “Grand Motors” (Azərbaycan) şirkətidir.