YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Söz azadlığından sui-istifadə edilməməlidir

“Bu gün Azərbaycan müharibə şəraitində yaşayır və hələ də qanlı toqquşmalar baş verir, şəhidlərimiz olur. Şəhid olan əsgər və zabitlərimiz isə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçirlər. Onlar şəhidlik zirvəsinə yüksəlməklə eyni zamanda bütün Azərbaycan xalqını qoruyurlar, bizim sabit atmosferdə yaşayışını təmin edirlər. Amma cəmiyyətimizin bəzi üzvləri nə edirlər? Şəhidlərimiz üzərindən reytinq, populyarlıq qazanmaq üçün bütün vasitələrə əl atırlar. Bu xüsusilə də, diqqət cəlb etməyə çalışan və yeni fəaliyyətə başlayan internet resurslarına aiddir”. Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycanda söz azadlığı var və bu, qanunlarla qorunur. Lakin bu o demək deyildir ki, biz düşmən dəyirmanına su tökəcək oyunları gündəmə gətirək və ictimai fikri çaşdıraq: “Elə Nizami rayonundan olan şəhid Zakir Cəfərovla bağlı bəzi Azərbaycan media nümayəndələri, sosial şəbəkə istifadəçiləri şəxsi və korporativ maraqları üçün qarayaxma kampaniyası apardılar. Hətta, onların yazdıqları səhəri gün düşmən ölkənin saytlarında yer aldı. Yəni, budurmu şəhidlərimizə verilən dəyər?”.

Deputat qeyd edib ki, artıq bu cür internet resurslarının sahiblərini, sosial şəbəkə istifadəçilərini məsuliyyətə cəlb etməyin vaxtıdır: “Axı nə üçün düşmənlə mübarizə apardığımız bir vaxtda daxildə də hansısa dairələrə xidmət edənlər yeni cəbhə açmalıdırlar? Niyə dövlət sirri sayılacaq informasiyaları, videokadrları yayıb düşməni məlumatlandırırsınız? Bu, peşəkarlıqdan öncə vətənpərvərlik, vətəndaş məsuliyyəti tələb edən məsələdir axı. Media vasitələri, xüsusilə də, bəzi internet resursları dövlətin və xalqın maraqlarını hər şeydən öndə görsünlər, baş verən hadisələrin işıqlandırılmasına peşəkarcasına yanaşsınlar və elə etsinlər ki, düşmənlər informasiya-psixoloji cəbhədə xalqımıza, ictimaiyyətimizə öz içimizdən olanların əlilə zərbə vura bilməsin. Bu gün Azərbaycanı müdafiə etmək hər bir vətəndaşın borcudur. Vəzifəsindən, statusunda, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin müdafiəsində iştirak etməlidir, öz vətəndaşlıq borcunu qaytarmalıdır”.