YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Milli Olimpiya Komitəsi ilə birlikdə bu qurumun 25 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Sərəncamda Milli Olimpiya Komitəsinin təsis olunduğu vaxtdan etibarən ölkəmizdə idmanın ahəngdar inkişafı üçün var qüvvəsini səfərbər etdiyi və Olimpiya ideallarının bərqərar olması naminə məqsədyönlü fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən müddətdə Azərbaycanın öz potensialını ildən-ilə daha geniş miqyasda nümayiş etdirərək idman şöhrətinin yüksəldilməsində və respublikamızda idmanın maddi-texniki bazasının müasir standartlara uyğun qurulmasına yönəlmiş təşəbbüslərin uğurla gerçəkləşdirilməsində, həmçinin Bakı Olimpiya Stadionunun, Milli Gimnastika Arenasının, Su İdmanı Sarayının, bir sıra ixtisaslaşdırılmış idman qurğularının və respublika üzrə 40-dan çox Olimpiya İdman kompleksinin tikilib istifadəyə verilməsində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri var.

Sənəddə bildirilib ki, mötəbər beynəlxalq yarışların təşkilində böyük təcrübəyə malik Milli Olimpiya Komitəsi Azərbaycanın idman salnaməsini yeni nailiyyətlərlə zənginləşdirməkdədir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının müvəffəqiyyətlə baş tutması və 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medal qazanması ilə dövlət müstəqilliyimizin bərpasından sonra əldə edilən medalların ümumi sayının 47-yə çatdırılması təqdirəlayiq haldır. Bütün bunlar artıq dünyanın idman mərkəzlərindən biri kimi tanınan ölkəmizdə Milli Olimpiya Komitəsinin himayəsi ilə cari ildə IV İslam Həmrəyliyi Oyunlarının da lazımi səviyyədə mütəşəkkil keçiriləcəyinə tam əminlik yaradır.