YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Bankı Azərbaycanda aqrar sahədə yeni layihələrin həyata keçirilməsinə dəstək verəcək

Azərbaycan ilə Dünya Bankı arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun praktika meneceri Culian Lampietti, Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi və Dünya Bankının ölkəmiz üzrə nümayəndəliyinin əməliyyatlar üzrə baş mütəxəssisi Rufiz Çıraqzadə ilə görüşüb.

Nazir Heydər Əsədov Azərbaycanda kənd təsərrüfatının inkişafında Dünya Bankı tərəfindən reallaşdırılan layihələrin müstəsna rolunu və səmərəliliyini qeyd edərək, bundan sonra da yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verildiyini bildirib. Heydər Əsədov ölkəmizdə kənd təsərrüfatının iqtisadiyyatın prioritet sahəsi olduğunu deyərək, ölkə rəhbərliyi tərəfindən aqrar sahənin inkişafı ilə bağlı qarşıya qoyulan məqsəd və vəzifələr barədə məlumat verib. Nazir Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb, yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, o cümlədən İkinci Kənd İnvestisiya və Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihələrinin müsbət nəticələr verdiyini, fermer və sahibkarların bundan bəhrələndiyini, bu layihələrin bir daha nəzərdən keçirilərək təkmilləşdirilməsinin əsas məqsədlərdən biri olduğunu qeyd edib.

Gələcək inkişaf əlaqələrindən danışan nazir Dünya Bankının aqrar sahədə həyata keçirdiyi layihələrin Strateji Yol Xəritəsində nəzərdə tutulan əsas hədəflərin icrasına, infrastrukturun yaradılmasına, kənd təsərrüfatı sahəsi üzrə kreditlərin verilmə mexanizmində dəyişikliklərin olunmasına, yeni müasir texnologiyaların fermerlərə ötürülməsinə, nümunəvi fermer təsərrüfatlarının və özəl baytarlıq xidmətlərinin yaradılmasına yönəldilməsini məqsədəuyğun hesab edib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun praktika meneceri Culian Lampietti 12 ildən sonra Azərbaycana yenidən səfərində ölkəmizdə baş verən dəyişikliklərə və iqtisadi inkişafa heyran olduğunu vurğulayıb, əməkdaşlıq üçün potensial imkanların olduğunu bildirib.

O, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu, Strateji Yol Xəritəsində nəzərdə tutulan hədəflərlə tanış olduğunu və yeni layihələrin həyata keçirilməsinə Dünya Bankı tərəfindən dəstək veriləcəyini diqqətə çatdırıb.

Sonda hər iki tərəf ekspertlər səviyyəsində müzakirələrin aparılmasını və gələcək əməkdaşlığın davam etdirilməsi üçün yeni layihələrin həyata keçirilməsini məqsədəuyğun hesab edib.