YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımına həsr olunan “Sonsuz dəhliz” filmi Əddis-Əbəbədə nümayiş etdirilib

Əddis-Əbəbə şəhərinin ən məşhur kinoteatrlarından birində - “Adot Cinema”da ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş etdirilib. Filmin təqdimatı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunub.

Səfirlikdən bildiriblər ki, tədbirdə Efiopiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Afrika İttifaqı Komissiyasının, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının əməkdaşları, ölkənin aparıcı media nümayəndələri, eyni zamanda, ölkəmizin ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər.

Səfir Elman Abdullayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının genişmiqyaslı fəaliyyəti barədə məlumat verib. O, kampaniyanın Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalıda uşaqlara, qadınlara və yaşlılara qarşı törədilmiş vəhşiliklər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi önəm daşıdığını qeyd edib, həmçinin ermənilərin cinayətlərinə hüquqi və siyasi qiymətin verilməsinə yönəldiyini bildirib.

E.Abdullayev 2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filminin dünyanın bir çox ölkələrində nümayiş olunduğunu diqqətə çatdırıb, bu ekran əsərinin Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalı, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalı, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsinin müxtəlif mükafatlarına layiq görüldüyünü vurğulayıb.

Daha sonra səfir Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı xüsusi amansızlıq və qəddarlıqla cinayətlərin törədildiyini qeyd edərək, artıq 14 ölkənin qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanındığını vurğulayıb. Cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyi vurğulanıb. Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında saxlandığı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinin yerinə yetirmədiyi, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına geri dönə bilmədikləri qeyd edilib, cinayətkarların cəzasız qalmayacaqları diqqətə çatdırılıb.

Tədbirin sonunda qonaqlara müxtəlif dövlətlərin parlamentləri tərəfindən Xocalı soyqırımına dair qəbul olunmuş qətnamələrdən ibarət sərgi təqdim edilib.