YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın siyasi, ictimai xadimləri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini yüksək qiymətləndirirlər

Rusiyanın tanınmış siyasi, ictimai xadimləri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini yüksək qiymətləndirir, ölkəmizin ən yeni tarixində əlamətdar hadisə adlandırırlar.

Tarixçi Oleq Kuznetsov qeyd edib ki, Azərbaycan Prezidenti balanslaşdırılmış siyasət yürüdür, milli maraqları nəzərə almaqla Rusiya, Qərb və Şərq ilə münasibətlərdə tarazlığı qoruyub saxlaya bilir. Bu isə göstərir ki, Prezident İlham Əliyev heç zaman hansısa hadisələrin təsiri altında tələsik qərarlar qəbul etmir.

O.Kuznetsov Mehriban Əliyevanın dünyada təkcə Azərbaycanın birinci xanımı kimi deyil, həm də beynəlxalq səviyyəli nüfuzlu siyasi xadim kimi tanındığını qeyd edib.

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, Mehriban Əliyeva dünyada Azərbaycan mədəniyyətinin böyük təbliğatçısı kimi tanınır. Onun Birinci vitse-prezident vəzifəsinə təyin olunması ölkənin dünya siyasi arenasında mövqeyini daha da möhkəmləndirəcək, beynəlxalq əlaqələrinin genişlənməsinə kömək edəcək. Bu, bütövlükdə Şərq dünyasına yeni baxışın formalaşmasına, Azərbaycanın sivil dövlət kimi imicinin artmasına təkan verəcək. “Mən Azərbaycanda tez-tez oluram və görürəm ki, ölkə vətəndaşları öz Prezidentini və birinci xanımını necə çox sevirlər. Düşünürəm ki, Mehriban xanım Birinci vitse-prezident vəzifəsində hakimiyyət ilə vətəndaş cəmiyyəti arasında münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək”, - deyə D.Savelyev qeyd edib.

Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markovun fikrincə, yeni təyinat Azərbaycanda siyasi sabitliyi möhkəmləndirəcək. O deyib ki, Rusiyanın ictimai xadimləri Azərbaycan xalqına böyük hörmətlə yanaşırlar. Mehriban Əliyeva müasir Azərbaycanın pozitiv simasıdır.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin əmin olduğunu bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın peşəkarlığı onun qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsinə kömək edəcək. O, Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcək.

Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman vurğulayıb ki, Mehriban Əliyeva Azərbaycan üçün çox işlər görüb və o, indi artıq Birinci vitse-prezident vəzifəsində özünü peşəkar dövlət xadimi kimi göstərə biləcək. “Mehriban xanım ölkədə ən mühüm humanitar və ictimai layihələrə uğurla rəhbərlik edib. “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Formula-1 yarışması və digər tədbirləri saymaqla bitirmək olmur. Heydər Əliyev Fondunun Azərbaycanın sosial həyatında rolu böyükdür. Əminəm ki, Mehriban xanım Azərbaycanın inkişafına dair strateji planların həyata keçirilməsində Prezidentə yaxından kömək edəcək”, - deyə M.Qusman qeyd edib.

Politoloq Pavel Klaçkov Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsini ciddi tarixi hadisə adlandırıb. Ekspert vurğulayıb ki, Mehriban Əliyeva humanitar, mədəniyyət və idman sahələrində iri layihələrə rəhbərlik edir, Azərbaycanı xaricdə ən yüksək səviyyədə təmsil edir. Bundan əlavə, insan amili də az rol oynamır. Mehriban xanım çox ağıllı və xeyirxah insandır. O, özünəməxsus sosial fəlsəfənin və ideologiyanın yaradıcısıdır. Populyarlığı və xalqa yaxınlığı Mehriban Əliyevanı səciyyələndirən parlaq xüsusiyyətlərdir.

Politoloq Alan Kasayev Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsində çalışdığı dövrdə Rusiya-Azərbaycan münasibətlərinin mədəni-humanitar tərkibinin daha da zənginləşəcəyinə əmindir. Onun sözlərinə görə, iki ölkə arasında humanitar sahədə əlaqələr daha da genişlənəcək. A.Kasayev yeni təyinatın Azərbaycan üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. O qeyd edib ki, ixtisasca həkim olan Mehriban Əliyeva sadə insanların həyat keyfiyyətinin yüksəlməsinə, Azərbaycan ərazisində abadlıq işlərinin aparılmasına səy göstərir. O, Bakının müasirləşməsi üçün böyük işlər görüb.

“Multimedia Art-Muzey”in baş direktoru Olqa Sviblova Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək deyib: “Qadın müdriklik deməkdir. Qadın təmkini və xeyirxahlığı böyük siyasətə yalnız fayda gətirir. Əminəm ki, Mehriban xanım belə məsul vəzifəyə sülh, xeyirxahlıq və qarşılıqlı anlaşma ideyaları ilə qədəm qoyub”. O.Sviblova qeyd edib ki, Mehriban xanımın fəaliyyəti daim xeyriyyəçilik və inkişafla bağlı olub. Mehriban Əliyevanın rəhbərliyi ilə təşkil olunan tədbirlər yüksək səviyyədə keçirilir. Bu isə onun qərarlar qəbul etmək bacarığından xəbər verir. Bu, komanda formalaşdırmaq, onu vahid dəyərlər ətrafında birləşdirmək, qarşıya qoyulan vəzifələri həyata keçirmək bacarığı deməkdir. Mehriban xanımın insanlarla iş təcrübəsi böyükdür və elə Birinci vitse-prezident vəzifəsində bu xüsusiyyət olduqca vacibdir.