YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “İslam Həmrəyliyi İli”ndə görüləcək işlərin detallarını açıqlayıb

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq həm ölkə daxilində, həm də xaricdə bir çox yüksək səviyyəli konfransların, sərgilərin, görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Ümumilikdə İslam dəyərlərinin, mədəniyyətinin, İslam həmrəyliyinin Azərbaycan nümunəsinin təbliği və təşviqi ilə bağlı materialların yayılması, ölkəmizin işğal olunmuş ərazilərində erməni vandalizminə məruz qalan İslam mədəniyyəti abidələri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran ən vacib məsələlərdəndir.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib.

Mübariz Qurbanlı deyib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd müxtəlif konfessiyalar, mədəniyyətlər, sivilizasiyalar və məzhəblər arasında həmrəyliyə nail olmaq, eləcə də Azərbaycanı bu istiqamətdə dünyaya nümunə kimi göstərməkdir. Bizim bu sahədə qarşımızda duran ən vacib məqsəd Azərbaycandakı din və məzhəb ardıcılları arasında tolerant, birgəyaşayış nümunəsinin xaricdə, eləcə də İslam dünyasında təbliği və təşviqidir. Bu istiqamətdə müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Komitə sədri qeyd edib ki, İslam dünyasının bir parçası olaraq Azərbaycanın İslama aid tarixi abidələrinin, məscidlərinin nümunə kimi dünyaya nümayiş etdirilməsi də nəzərdə tutulub. Bununla bağlı il ərzində müxtəlif xarakterli sərgilər keçiriləcək. Bu tədbirlərin həyata keçirilməsində müxtəlif nazirlik və komitələr birgə fəaliyyət göstərəcəklər.

Mübariz Qurbanlı vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır. Bu, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.

Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm İli”, onun məntiqi davamı kimi bu ili “İslam Həmrəyliyi İli” elan etməklə bütün dünyanın diqqətini həmrəy olmağa, multikultural dəyərlərə sahib çıxmağa, dinlər və məzhəblər arasında dialoq qurmağa yönəldir.

Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə Prezidentimizin birbaşa göstərişi ilə elan edilmiş “İslam Həmrəyliyi İli” yalnız din amilini deyil, eyni zamanda, müsəlman ölkələrinin istər siyasi-iqtisadi, istərsə də mədəni sahədə bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır. Həmçinin bu il çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə keçiriləcək ki, bu da müstəqil Azərbaycanın müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncam bütövlükdə İslam dünyasında əks-səda doğurmaqla yanaşı, İslam həmrəyliyinə böyük töhfə olacaq.

Komitə sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan dövlət-din münasibətləri modeli sayəsində milli-mənəvi dəyərlərə qayıdışın əsası qoyulub, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilir, ölkədə dini etiqad, inanc azadlığı tam təmin edilir. Ölkəmizdə digər sahələrdə olduğu kimi, din sahəsində də böyük uğurlar əldə edilib, kənardan dini zəmində münaqişələr, məzhəblərarası konfliktlər yaratmağa çalışanların qarşısı vaxtında alınıb. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızda əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunub, eyni zamanda, “Dini etiqad azadlığı haqqında” Qanunda geniş şəkildə öz əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycanın bu nümunəvi dövlət-din münasibətləri modeli digər dövlətlər tərəfindən də öyrənilir və tədqiq olunur.

Heydər Əliyev Fondunun da bu dəyərlərimizin qorunması istiqamətindəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər istifadəyə verilib.

Mübariz Qurbanlı milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətlərinin olduğunu vurğulayıb.