YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samiyə Bebars: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi hamıda, xüsusən müsəlman birliyində qürur hissi oyadıb

Azərbaycanın tanınmış və nüfuzlu ictimai-siyasi xadimi Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı çox əhəmiyyətli hadisədir, təkcə Azərbaycan üçün deyil, həm də bütün müsəlman dünyası üçün mühüm addım kimi dəyərləndirilə bilər. Bunu Ərəb Dövlətləri Liqasının (ƏDL) Sivilizasiyaların və dinlərin dialoqu departamentinin direktoru, səfir Samiyə Bebars bəyan edib.

Onun fikrincə, Azərbaycan dövlətinin başçısının Sərəncamı qlobal nöqteyi-nəzərdən də əhəmiyyətli hadisədir, çünki müsəlman ölkəsində qadının belə yüksək vəzifəyə təyin olunması faktını nümayiş etdirir.

ƏDL-nin yüksək vəzifəli məmuru deyib: “Bu, dövlətdə qadınların rolunun möhkəmləndirilməsi, dövlət idarəçiliyində onların iştirakının təşviq edilməsi, dövlət orqanlarında onlara yüksək vəzifələr, xüsusilə Birinci vitse-prezident kimi məsul vəzifə tutmaq imkanlarının yaradılması baxımından çox düzgün qərardır. Biz Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar Azərbaycanı, onun hökumətini və xalqını səmimiyyətlə təbrik edirik. Bu hadisə hamıda, xüsusən müsəlman birliyində qürur hissi oyadıb”.

Azərbaycanın birinci xanımının həyatin müxtəlif sahələrini əhatə edən geniş fəaliyyətini də diqqətlə müşahidə etdiyini diqqətə çatdıran Samiyə Bebars deyib: “Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi yüksək və məsul vəzifələr tutan birinci xanım həqiqətən də öz ölkəsində və beynəlxalq aləmdə irimiqyaslı ictimai, humanitar və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Mehriban Əliyevanın müvəffəqiyyəti Azərbaycanın müvəffəqiyyətidir və o, fəaliyyətinin bütün sahələrində daim sanballı nəticələr əldə edir. Mehriban Əliyevanın bu vəzifəyə təyin olunması zamanı, heç şübhəsiz, onun ictimaiyyət, o cümlədən müsəlman qadınları tərəfindən yüksək qiymətləndirilən çoxşaxəli fəaliyyəti nəzərə alınıb. Mən əminəm ki, Mehriban Əliyeva həmişə olduğu kimi, yeni vəzifəsində də öz Vətəninə xidmət edəcək, vəzifələrini xalqının rifahı naminə ən yüksək səviyyədə yerinə yetirəcək”.