YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

ATƏT Parlament Assambleyasının qış sessiyası 23-24 fevral tarixlərində Avstriya paytaxtı Vyana şəhərində keçiriləcək. Sabah Azərbaycan nümayəndə heyəti qış sessiyasında iştirak etmək üçün Vyanaya yola düşəcək. Bu barədə nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili məlumat verib.

Sessiyada ilk olaraq Daimi Komitəsinin iclasında ATƏT PA-nın əsasnaməsinə əlavə və dəyişikliklərin olması müzakirə olunacaq. Daha sonra Demokratiya, İnsan hüquqları və humanitar məsələlər komitəsində “Artan populizm ərəfəsində insan hüquqlarının qorunması” mövzusunda, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsində “Su təhlükəsizliyini təmin edən təbii ehtiyatların idarə olunması və iqlim dəyişiklikləri ilə mübarizə” mövzusunda, Siyasi məsələlər və Təhlükəsizlik komitəsində isə “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorçuluqla mübarizə” mövzusunda debatların keçirilməsi planlaşdırılır. Sonda plenar iclasda “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debatın keçirilməsi nəzərdə tutulub.

Qış sessiyasında iştirak edəcək Azərbaycan nümayəndə heyəti bütün debatlarda aktiv iştirak edərək Azərbaycanın üzləşdiyi problemləri, bu problemlərin artıq bütün ATƏT regionuna yayılmasını hər kəsin diqqətini bir daha çatdıraraq ATƏT üzvü olan ölkələri problemlərin həllində proaktiv  olmağa, beynəlxalq hüquq normalarını əsas tutmağa və həmçinin, beynəlxalq təhlükəsizlik sisteminin təkmilləşməsində Azərbaycanın Prezidentinin təşəbbüslərini dəstəkləməyə çağırmağı planlaşdırır.