YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı.

Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasında əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. 

Görülmüş tədbirlərin davamı olaraq, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir.

Nəzərdə tutulan hədəf ölkədə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılmasını və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsini zəruri edir.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə verilən Fərmana əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) yaradılır.

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etməlidir.

Fərmana əsasən,  Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Qida Təhlükəsizliyi Komissiyası (bundan sonra – Komissiya) yaradıldı.