YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yohannesburq Filarmonik Orkestri VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramını təqdim etdi

Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri kimi bütün dünyaya səs salan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

İyulun 30-da festivalın proqramına uyğun olaraq Yohannesburq Filarmonik Orkestrinin növbəti konserti oldu.

“Yulian Raxlin və onun dostları” Beynəlxalq festivalının təşkilatçısı, dünya şöhrətli musiqiçi, UNİCEF-in xoşməramlı səfiri, avstriyalı Yulian Raxlinin dirijorluğu ilə baş tutan konsertdə Yohannesburq Filarmonik Orkestri klassik Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirdi.

Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, skripka ifaçısı Janna Qandelman, VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski orkestrin müşayiəti ilə V.A.Mosartın simfoniyasını, “Fiqaronun toyu” operasından uvertüranı, eləcə də A.Dvorjakın və digər bəstəkarların əsərlərindən parçalar təqdim etdilər.

Öz mükəmməl ifası ilə dünyada tanınan Yohannesburq Filarmonik Orkestri Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş etdi.

Yohannesburq Simfonik Orkestri 2000-ci ildə yaradılıb. Bu musiqi kollektivi Avropa və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş konsert proqramları ilə çıxış edib.