YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Regionların sosial-iqtisadi-inkişafı üzrə Dövlət proqramları bölgələrimizin inkişaf dinamikasının daha da sürətlənməsində əsaslı rol oynayır

«2004-cü ildən icra edilən «Regionların sosial-iqtisadi-inkişafı» üzrə Dövlət proqramları bölgələrimizin inkişaf dinamikasının daha da sürətlənməsində əsaslı rol oynayır. Bu gün regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması, ixracxyönümlü məhsulların yetişdirilməsinin genişləndirilməsi, bu məhsulların dünya bazarına çıxışının təmin edilməsi, eləcə də, yeni heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının istifadəyə verilməsi, böləgələrdə yeni pilot layihələrin həyata keçirilməsi ümumi inkişaf strategiyamızın uğurlarının bariz sübutudur. Bu, həm də bölgələrimizin inkişaf dinamikasını artırır. Ölkə Prezidenti cənab İlham Əliyevin «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı» Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda etdiyi çıxışda qeyd edilən məsələlər bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatı öz inkişafını davam etdirməkdədir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

Millət vəkili qeyd edib ki, ölkə Prezidentinin rəhbərliyi ilə hazırlanan və indiyə qədər üç mərhələdə həyata keçirilən «Regionların sosial-iqtisadi inkişafı» Dövlət proqramları bölgələrdə bütün sahələrin paralel inkişafını təmin edib. Onun sözlərinə görə, rayonlarımızda kənd təsərrüfatının yüksək səviyyədə inkişafı, bir sıra sahələrin dirçəldilməsi ilə yanaşı, yeni infrastrukturların yaradılması, turizmin inkişaf etdirilməsi, xüsusi sənaye komplekslərinin quruluması məsələləri də prioritetə çevrilib: «Ölkəmizdə sosial layihələr davam etdirilir. Dövlət proqramında nəzərdə tutulan addımlar həyata keçirilib. Konfransda qeyd edildiyi kimi, bu gün regionlarda 59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, 1625 qaçqın və məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin edilib. Regionlarda aqroparkların yaradılması prosesi davam etdirilir. Bununla yanaşı, rayonlarımzda turizmin inkişafı üçün yaradılan infrastruktur da olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq regionun əsas turizm mərkəzinə çevrilir. Bu isə məhz qeyd etdiyimiz dövlət proqramlarının düzgün icrasının və ölkə rəhbərliyinin regionların inkişafına qayğısının nəticəsidir».