YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-İspaniya biznes forumu keçirilmişdir

Aprelin 24-də Bakıda Azərbaycan-İspaniya biznes forumu keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda rəsmi şəxslərlə yanaşı, infrastruktur, tikinti, bank, informasiya-kommunikasiya texnologiyaları (İKT), turizm, kənd təsərrüfatı, bərpa olunan enerji sahələrində fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak etmişdir.

Tədbirdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək, Azərbaycanın Avropa ittifaqı ölkələri, o cümlədən İspaniya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini demişdir. Qeyd edilmişdir ki, hazırda Azərbaycanda bir sıra ispan şirkətləri uğurla fəaliyyət göstərir, ticarət əlaqələrimiz genişlənir. Əlaqələrin inkişafı baxımından müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edən nazir İspaniya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədin imzalandığını, investisiyaların təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması istiqamətində müvafiq işlərin görüldüyünü diqqətə çatdırmışdır.

Nazir Şahin Mustafayev Azərbaycan və İspaniya arasında əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından biznes forum və sərgilərin əhəmiyyətini vurğulamış, bugünkü tədbirin də iş adamları arasında əlaqələrin inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini demişdir.

İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyo çıxışında hər iki ölkənin iqtisadi əlaqələrin daha da genişlənməsi üçün böyük potensiala malik olduğunu bildirmiş, mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığı daha da inkişaf etdirməyin mümkün istiqamətləri barədə məlumat vermişdir. Nazir, həmçinin İspaniya iqtisadiyyatı barədə də danışmışdır.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış etmişdir.

Biznes forum ispaniyalı iş adamlarının ölkəmizdə müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşlərinin təşkili ilə davam etmişdir.