YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: AŞPA-nın monitorinq mexanizmi quruma üzv ölkələrin hamısına tətbiq edilməlidir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında “Assambleyanın monitorinq prosesinin təkmilləşdirilməsi, Avstriya, Çexiya, Danimarka, Finlandiya, Fransa və Almaniya tərəfindən öhdəliklərin həyata keçirilməsinin dövri dəyərləndirilməsi” məruzəsi üzrə müzakirələr keçirilib.

Müzakirələr çərçivəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək bildirib ki, dünyada mükəmməl demokratiya yoxdur və bu halda monitorinq prosesinin 9+4 ölkə prinsipi üzrə həyata keçirilməsi anlaşılmazdır. Fransa və Almaniya kimi ölkələrdə son zamanlar terror aktlarının və arzuolunmaz halların baş verməsi bu ölkələrdə də monitorinq prosesinin olmasının vacibliyini göstərir. Artıq monitorinq prosesi çərçivəsində xüsusi bir mexanizmin yaradılması haqqında düşünmək lazımdır. Bu halda bəzi qüvvələrin demokratik prinsipləri alət olaraq istifadə etməsinin qarşısı alına bilər. Bu gün Avropada ksenofobiya və islamofobiyanın artması, Avropaya daha yaxşı həyat üçün gələn miqrantların qəbuledilməz münasibətlərə məruz qalması da deyilənləri bir daha təsdiqləyir. “Beləliklə, biz bir-birinə çox bənzər iki problemlə üzləşirik. Birinicisi, demokratik prinsiplərin yeni formalaşdığı və bir sıra problemlərin hələ də qaldığı ölkələrlə əlaqədardır. Məruzəçiyə təşəkkür edirəm ki, mənim ölkəmdə demokratiya və insan hüquqlarının daha da möhkəmlənməsi üçün bütün addımların atıldığını məruzəsində qeyd edib. Biz QHT-lərlə bağlı yeni qanunvericiliyin üzərində işləyirik. Bu istiqamətdə Venesiya Komissiyası, AŞPA və onun monitorinq komitəsi, xüsusilə ölkəmiz üzrə həmməruzəçilər ilə bütün istiqamətlərdə hərtərəfli sıx əməkdaşlıq edirik. İkinci problem isə populizm, demokratik dəyərlərdən təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri, artan antisemitizm və islamofobiya, özlərindən olmayanlara qarşı qəbuledilməz yanaşma və digər bu kimi tendensiyalardır. Digər bir yanaşma isə tolerantlıqla bağlıdır ki, bu da mənim nöqteyi-nəzərimdən qəbuledilməzdir”, - deyə S.Seyidov bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, AŞPA-da gözlə görülən, daha güclü və təsirli monitorinq mexanizmini yaratmaqla demokratik dəyərləri inkişaf etdirmək mümkündür. Monitorinq mexanizmi AŞPA-nın bütün 47 üzvünə tətbiq edilməlidir. S.Seyidov vurğulayıb ki, 9+4 ölkə prinsipi ilə digər ölkələri monitorinqdən kənarda saxlamaq doğru deyil. Bunun aradan qaldırılması subyektivlikdən, ikili standartlardan yaxa qurtarmaq və AŞPA daxilində yeni standartlar yaratmaq üçün ümdə əhəmiyyət daşıyır.