YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İbrahim Rəhimpur: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi müdrik qərardır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və İran arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimizin rəhbərlərinin iradəsinə uyğun olaraq, əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib.

Nazir Elmar Məmmədyarov deyib ki, dövlət başçıları səviyyəsində keçirilən görüşlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası birgə komissiyanın fəaliyyəti, insanlararası təmaslar Azərbaycan və İran arasında əməkdaşlığın hərtərəfli inkişafında mühüm rol oynayır.

Söhbət zamanı yanvarın 25-26-da Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 48-ci iclasının əhəmiyyəti qeyd olunub və aparılan müzakirələrin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması işinə əsaslı töhfə verdiyi bildirilib.

Görüşdə iki ölkəni birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Üçtərəfli əsasda Azərbaycan-İran-Türkiyə formatında əməkdaşlığın regionda sülh, sabitlik və çiçəklənmənin təmin olunmasına xidmət etdiyi vurğulanıb.

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını yüksək qiymətləndirib və bunun müdrik bir qərar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.