YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yalçın Topçu: Azərbaycan Xəzər dənizi hövzəsində ən sərfəli və etibarlı logistik mərkəz rolunu oynayır

Azərbaycan Xəzər dənizi hövzəsində ən sərfəli, rahat və etibarlı logistik mərkəz rolunu oynayır.

Bu sözləri Türkiyənin keçmiş mədəniyyət və turizm naziri, Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu deyib.

O bildirib ki, Türkiyədən Mərkəzi Asiyaya çıxmaq üçün ən qısa və sərfəli quru marşrutu Azərbaycan və Bakı dəniz limanlarıdır. Azərbaycan üzərindən həyata keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti son illər daha çox artıb. Şübhəsiz ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının böyük rolu var. Digər tərəfdən isə son illər dünyanın Qərb və Şimal yarımkürəsi arasında yerləşən önəmli maliyyə və ticarət mərkəzləri Şərqə doğru istiqamətlənib.

Y.Topçu qeyd edib ki, bu yerdəyişmə ilə eyni vaxtda “İpək yolu” kimi tarixi ticarət marşrutları da ciddi aktuallaşmağa başlayıb. Eyni zamanda alternativ marşrutlar kəşf olunur. Bu baxımdan da Azərbaycan tarixən “İpək yolu” marşrutu üzərində öz əhəmiyyətli yerini qoruyub saxlayır. Bu gün Azərbaycan Xəzər dənizi hövzəsində ən sərfəli, rahat və etibarlı logistik mərkəz rolunu oynayır. Həmçinin Azərbaycan Şərq və Qərb, Şimal və Cənub coğrafiyasının tam mərkəzində yerləşən ölkədir. Azərbaycanın bu cür geostrateji mövqeyi təkcə qonşu və regional dövlətlər üçün deyil, eyni zamanda digər dövlətlər üçün də əlverişli imkanlar yaradır. Yəni, İstanbul şəhəri dünyanın əsas mərkəzlərindən biri olduğu kimi, Bakı da yaxın gələcəkdə regionun Dubayına çevriləcək. Bu yaxınlarda İstanbulda salınacaq 3-cü böyük yeni hava limanı, 2016-cı ildə istifadəyə verilən Yavuz Sultan Səlim körpüsü və Avrasiya tuneli Türkiyə və dünya üçün nə qədər əhəmiyyətlidirsə, Ələtdə yerləşən Bakı Limanında yaradılacaq Azad Ticarət Zonası da Azərbaycan və Avrasiya regionu üçün o qədər vacibdir. Sadaladığım bu layihələr Azərbaycan və Türkiyənin yeni mənzərəsini yaradacaq.

Həmçinin Y.Topçunun sözlərinə görə, hazırda Türkiyə və digər dövlətlərə məxsus “TIR”ların Xəzər dənizi üzərindən yük daşıması Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə təmin olunur. Bakı Limanı “Ro-Ro” səfərlərini də həyata keçirməklə, öz əhəmiyyətini və rolunu daha da artırır.

“Təbii ki, bu rahatlıq və yüksək şərait Türkiyədən olan “TIR” sürücüləri və yükdaşıyan şirkətlər üçün də müsbət addımdır. Hazırda Türkiyə və Azərbaycan hökumətləri Xəzər dənizi üzərindən yükdaşınması və digər bu kimi işlərin həyata keçirilməsi ilə bağlı birgə iş aparırlar. Biz bu sahədə qardaş ölkəyə nə dəstək lazımdırsa, verməyə hazırıq. Biz də istəyirik ki, beynəlxalq yükdaşınması həyata keçirən şirkətlərin ilk seçdiyi marşrut Bakı Limanı və Xəzər dənizi olsun. Çünki Türkiyədən olan insanlarımız da qardaş Azərbaycanda öz ölkələrindəki kimi çox rahat olurlar”, - deyə Y.Topçu vurğulayıb.

Prezidentin baş müşaviri Yalçın Topçu bildirib ki, Türkiyədə keçirilən “G-20” sammiti çərçivəsində Türkiyə və Çin hökumətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Həmin sazişlərin də həyata keçirilməsində Xəzər dənizi üzərindəki nəqliyyat keçidi layihələrindən istifadə edilməsi nəzərdə tutulur. Eyni zamanda Çinin təşəbbüs etdiyi “OBOR” açıq iqtisadiyyat layihəsində Bakı Limanının da yer alması mümkündür. Hazırda bununla bağlı ortaq işlər aparılır.

Y.Topçu Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinə böyük töhfələr verəcəyini söyləyib. Bakı-Tbilisi-Qars dəmiryolu xətti vasitəsilə daşınan yüklərin sayı daha da artacaq, şirkətlərin sayı çoxalacaq və alternativ sahələr yaranacaq. Bu da bütövlükdə Azərbaycan iqtisadiyyatına xidmət edəcək.