YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji Yol Xəritəsi aqrar sahənin və kənd yerlərinin inkişafının dayanıqlı əsaslara malik olmasını təmin edəcək

Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ölkənin sosial-iqtisadi inkişafında yeni tarixi mərhələyə keçid üçün mühüm əsas yaradıb. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, ölkənin sosial-iqtisadi inkişafının bütün aktual məsələləri kompleks şəkildə nəzərə alınıb. Bu sənədlərdən biri də kənd yerlərində rifahın yüksəldilməsi və ölkənin etibarlı ərzaq təminatının gücləndirilməsi kimi sosial-iqtisadi və siyasi məqsədlərin uğurla reallaşdırılması baxımından mühüm əhəmiyyətə malik “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”dir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin əhəmiyyətindən danışaraq bildirib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin hazırlanması prosesi geniş iştirakçılığın təmin edilməsinə əsaslanıb: “Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələrində mövcud vəziyyət müvafiq dövlət orqanlarının mütəxəssisləri ilə yanaşı, tədqiqat mərkəzlərinin və müstəqil ekspertlərin iştirakı ilə sistemli və əhatəli şəkildə təhlil olunmaqla, silsilə müzakirələr keçirilib, müvafiq qiymətləndirmələr aparılıb. Bunun əsasında Strateji Yol Xəritəsi hazırlanıb. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələrində mövcud vəziyyət bu sahədə müşahidə olunan qlobal trendlər və çağırışlar fonunda qiymətləndirilib. Bunların əsasında Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Bu, kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olduğunu ifadə edir”.