YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Kərimli: Bakı Nəqliyyat Agentliyi fəaliyyətdə olduğu müddətdə mühüm tədbirlər həyata keçirib

«Bakı Nəqliyyat Agentliyi  fəaliyyətdə olduğu bir il ərzində paytaxtın nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib». Bu fikri Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.

V.Kərimli bildirib ki,  ötən bir il ərzində ilk olaraq paytaxtın nəqliyyat sistemində mövcud vəziyyət təhlil edilib, həlli vacib məsələlər müəyyənləşdirilib. Onun sözlərinə görə, ümumilikdə götürdükdə 2016-cı ili mövcud vəziyyətin təhlili və strateji fəaliyyət planının hazırlanması ili kimi də xarakterizə etmək olar.

«Belə ki, ötən dövr ərzində əsas diqqət bu sahədə mövcud olan pərakəndəliyin aradan qaldırılmasına yönəldilib. Bu məqsədlə "Bakı Nəqliyyat Planı"na uyğun olaraq paytaxtda 157 sayda mövcud marşrut xətti xarici mütəxəssislərlə birgə təhlil edilib, sərnişin həcmi dəqiqləşdirilərək hərəkət sxemləri müəyyənləşdirilib. Hazırda Bakı şəhərində sərnişindaşımada istifadə edilən avtobusların ümumi sayı 2100, marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların sayı isə 58-dir. Sərnişindaşıma sahəsində tətbiq edilən yeniliklərdən biri də ekspress xətt marşrutunun istifadəyə verilməsidir. Hazırda Bakı şəhərində 1 ekspress marşrut xətti fəaliyyət göstərir. Sərnişinlər bu marşrut xəttindəki ən müasir avtobuslarla metronun "28 May" stansiyasından Hava limanına, eləcə də əks istiqamətdə çox rahat şəkildə gedib-gələ bilərlər. 2017-ci ildə ekspress xətt marşrutlarının sayının artırılması nəzərdə tutulub. Ötən bir ildə ictimai nəqliyyatda vahid kart ödəniş sisteminə keçid, nəhayət ki, reallaşdırıldı. Bu gün Bakı şəhərində müntəzəm marşrutda 450 ədəd avtobusun nağdsız ödəniş - vahid kart sisteminə qoşulması təmin edilib. 2017-ci ildə paytaxtda fəaliyyət göstərən bütün marşrut avtobuslarında bu sistemin tətbiqi başa çatdırılacaq»- deyə, V.Kərimli qeyd edib.