YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrlərini qəbul edib

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekovu qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev türkdilli ölkələrin parlament rəhbərlərinin Bakıya səfərinin əhəmiyyətini vurğuladı, bu səfərin birliyimizi möhkəmləndirəcəyini və münasibətlərimizə yeni təkan verəcəyini qeyd etdi. Türkdilli ölkələrin parlamentləri arasında qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev türkdilli ölkələrin əməkdaşlığına dövlət başçılarının da öz fəaliyyətləri ilə töhfə verdiklərini bildirdi və bu əməkdaşlığın həm region, həm də dünya üçün önəm daşıdığını dedi. Dövlətimizin başçısı Azərbaycanın bu əməkdaşlığa böyük əhəmiyyət verdiyini söylədi.

Prezident Nursultan Nazarbayevin salamlarını və Azərbaycan xalqına sülh və əmin-amanlıq arzularını çatdıran Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin görüşdə iştirak edən həmkarları adından Azərbaycanda referendumun uğurlu keçməsi münasibətilə təbriklərini ifadə etdi. N.Niqmatulin vurğuladı ki, bu referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyini və müstəqilliyimizin möhkəmləndirilməsini dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi. Qazaxıstan Parlamenti Məclisinin sədri bildirdi ki, bu gün müasir Azərbaycanın lideri kimi Prezident İlham Əliyev həm də türkdilli dövlətlər arasında münasibətlərin inkişafına töhfə verir. TürkPA nümayəndə heyətinin hər səfərdə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etdiyini və dahi Heydər Əliyevin xatirəsinə dərin ehtiramını bildirdiyini deyən Nurlan Niqmatulin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə Heydər Əliyevin şəxsi dostluq münasibətlərindən danışdı. Bildirdi ki, Qazaxıstan dövlətinin başçısı Ulu Öndərin xatirəsini həmişə dərin hörmətlə anır və Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dövlətçiliyini və müstəqilliyini möhkəmləndirdiyini daim qeyd edir. Qazaxıstan Parlamenti Məclisinin sədri Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyinin mənzil-qərargahının inşasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Vurğuladı ki, xalqlarımız ümumi türk mənşəyinə malikdir, ona görə də bu binanın Bakıda inşasının rəmzi mənası var.

“Bakı Azərbaycanın inkişafının parlaq nümunəsidir”, - deyən Nurlan Niqmatulin qeyd etdi ki, Azərbaycan və onun paytaxtının inkişafı böyük təəssürat yaradır. O, TürkPA ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində də ümumi mövqeləri dəstəklədiklərini bildirdi və bu siyasətin davam edəcəyini söylədi, yeni qərargahda Prezident İlham Əliyevin tövsiyələri ilə səmərəli təşəbbüslərin irəli sürüləcəyinə əmin olduğunu dedi. Nurlan Niqmatulin Azərbaycan Prezidenti İlham Əliyevin TürkPA-nın inkişafında rolunu və töhfələrini qeyd etdi, qurumun fəaliyyətinə verdiyi dəstəyə görə həmkarları adından minnətdarlığını bildirdi. Vurğuladı ki, “TürkPA-nın inkişafındakı xüsusi xidmətlərə görə” medalı təsis edilib və yekdil qərara əsasən ilk medala türkdilli ölkələrin həmrəyliyinin və birliyinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti layiq görülüb.

Qazaxıstan Parlamenti Məclisinin sədri medalı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

Söylədiyi xoş sözlər üçün Nurlan Niqmatulinə təşəkkür edən dövlətimizin başçısı İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev TürkPA tərəfindən fəaliyyətinə verilən qiyməti yüksək dəyərləndirərək bildirdi ki, bu medalın təqdim olunmasının Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyinin mənzil-qərargahının açılışına, həmçinin Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 25 illiyinə təsadüf etməsi rəmzi məna daşıyır. Dövlətimizin başçısı bildirdi ki, türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi qəbul edilir. Prezident İlham Əliyev qeyd etdi ki, türkdilli ölkələr həm ikitərəfli, həm çoxtərəfli formatda, həm də BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün səylər göstərir, hansısa türkdilli ölkənin təmsil olunmadığı beynəlxalq təşkilatda digər türkdilli dövlət onun mövqeyini dəstəkləyir və həmrəylik nümayiş etdirir. Xalqlarımızın ümumi tarixə və köklərə malik olduğunu xatırladan Prezident İlham Əliyev dedi ki, Azərbaycan gələcəkdə də türkdilli ölkələrin daha da yaxınlaşmasına, xalqlarımızın bir-birini dəstəkləməsinə töhfə verəcək. Dövlətimizin başçısı Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarına ən xoş arzularını çatdırmağı xahiş etdi.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini vurğuladı, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinə toxunaraq ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində TürkPA-nın rolunu xüsusi qeyd etdi.

Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekov da ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirərək parlamentlərarası əməkdaşlığın bu əlaqələrin inkişafına töhfəsini verdiyini qeyd etdi.