YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycanda yaşayan bütün xalqlar arasındakı əlaqələr multikulturalizmin bariz nümunəsidir

“Azərbaycandakı yəhudilər və İsraildə əsasən Azərbaycandan olan yəhudilərdən ibarət Azərbaycan diasporu ikitərəfli əlaqələrimizin mühüm amilidir. Əsrlər boyu Azərbaycanda yəhudilər ilə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına çox töhfələr verirlər. Xalqlarımız arasındakı sıx əlaqələr ikitərəfli əlaqələrimizdə çox mühüm amildir. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycanda beşi Bakıda olmaqla 7 sinaqoq, yəhudi məktəbləri var. Siz onlardan birinə, 2010-cu ildə açılmış “Xabad Or-Avner” Yəhudi Təhsil Mərkəzinə baş çəkəcəksiniz. Mən həmin günü xatırlayıram, çünki mərasimdə iştirak edirdim. Mərhum Prezident Şimon Peres bizə videomüraciət ünvanlamışdı. Mən şadam ki, cənab Baş nazir bu Təhsil Mərkəzinə baş çəkmək və yəhudi icmasının nümayəndələri ilə görüşmək üçün sıx qrafikində vaxt tapıb.” Bu fikirləri dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə mətbuata bəyanatında səsləndirmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, yəhudilərlə azərbaycanlılar arasında əlaqələr hər zaman, tariximizin bütün dövrlərində çox yaxşı olub və yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. Bu, onların evidir, onlar burada özlərini evlərindəki kimi hiss edirlər və ölkəmizi gücləndirmək üçün çox işlər görürlər. Bu, çar Rusiyası dövründə - Azərbaycan Rusiya imperiyasının tərkib hissəsi olanda da, Sovet İttifaqı dövründə də belə olub, indi də - 25 illik müstəqillik dövründə də belədir. Azərbaycanda yaşayan bütün xalqlar arasındakı əlaqələr multikulturalizmin, qarşılıqlı hörmətin, bir-birinin ənənələrinə və dininə hörmətin bariz nümunəsidir. Mən hər zaman deyirəm ki, öz dininə və ənənələrinə hörmət, qonşunun dininə və ənənələrinə olan hörmətdən başlayır. Yeri gəlmişkən, demək istərdim ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan dünyada multikulturalizmin beynəlxalq mərkəzlərindən biri kimi tanınır. Şadam ki, hazırda İsraildə yaşayan bizim keçmiş vətəndaşlarımız Azərbaycan ilə yaxın əlaqələrini qoruyub saxlayırlar. Onlar bizə kömək edir, bizi təbliğ edirlər. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var. Lakin yalnız İsraildə bizim diaspor yəhudi əsilli insanlardan ibarətdir. Bu da yəhudilərlə azərbaycanlılar arasında olan birliyi nümayiş etdirir.