YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Səbail rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Səbail rayon təşkilatı sədrinin müavini Muxtar Nağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının hansı çətin şəraitdə yaradılması haqqında məlumat verib, onun təsis edilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın yaradılmasının bir tarixi zərurət kimi meydana çıxdığını deyən M.Nağıyev qeyd edib ki, həmin ərəfədə Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar Ümummilli liderə müraciət ünvanladılar. 1992-ci il noyabrın 21-də YAP-ın Naxçıvanda təsis konfransı keçirildi və Ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi.
YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Fərid Nəsibov çıxış edərək dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf edir. Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait var.
YAP Gənclər Birliyinin ölkəmizdə ən böyük gənclər təşkilatı olduğunu deyən Fərid Nəsibov partiyanın sıralarında yüksək intellektli gənclərin birləşdiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar. Həmçinin partiyanın keçdiyi inkişaf yolu, eləcə də YAP Səbail rayon təşkilatının fəaliyyəti haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, bu gün YAP Səbail rayon təşkilatı partiyanın avanqard qüvvələrindən biri kimi yüksək fəallığı ilə seçilir.
Sonda YAP sıralarına yeni üzv olmuş şəxslərə partiya vəsiqələri təqdim edilib.