YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda nitqində qeyd etmişdir ki, 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi. Baxmayaraq ki, Ermənistan ilə qanlı döyüşlər gedirdi AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik.

“Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır. 1993-cü il dönüş ili idi. İyun ayında Heydər Əliyev Ali Sovetin sədri seçilmişdir və vəziyyət yavaş-yavaş inkişafa doğru getməyə başlamışdır. İlk növbədə, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, ordu quruculuğunda ciddi addımlar atıldı, dövlətçiliyin əsasları qoyuldu, sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır. Onu da qeyd etməliyəm ki, əslində, müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının xüsusi yeri vardır” – deyə, Prezident İlham Əliyev bildirmişdir.