YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Şəhid ailələrinə təhsil sahəsində də müəyyən güzəştlərin edilməsi alqışalayiq haldır

«Cəmiyyətimizin həssas üzvləri olan şəhid ailələrinə təhsil sahəsində də müəyyən güzəştlərin edilməsi, eyni zamanda, valideyn himayəsindən məhrum olmuş uşaqlara olan dövlətin diqqətinin artırılması alqışalayiq haldır». Bu fikri Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin bu istiqamətdə göstəriş və tapşırıqları ilə bir daha şəhid ailələrinə, valideyn himayəsindən məhrum olmuş uşaqlara olan qayğının yüksək səviyyədə olduğunu görürük.

«Əlbəttə ki, şəhid ailələrinə hörmət etmək bizim hər birimizin borcudur. Amma bəzən görürük ki, kimlərsə bilməyərəkdən şəhid ailələrinin üzvlərinə münasibətdə səhvlərə yol verirlər. Daxil olmuş bəzi şikayətlərə əsaslanaraq demək istəyirəm ki, heç kəs şəhid adının əbədiləşdirilməsi işlərinə mane olmasın. Axı həmin şəhidlərin ataları, anaları, yaxınları və qohumları onların adlarının əbədiləşdirilməsi üçün layihələndirilmiş işlərdən təskinlik tapırlar. Bir də görürük ki, abadlıq aparılan yerlərdə bilməyərəkdən, yaxud ehtiyatsızlıqdan şəhidin adına qoyulmuş bulağı, barelyefi və ya büstü dağıdırlar. Əgər məqsəd şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün düzəldilmiş bulağın, barelyefin və ya büstün yerinin dəyişdirilməsidirsə, o zaman bu, məlumatlandırma və ehtiyatla həyata keçirilməlidir. Çünki belə hallar şəhid ailələrində narazılıq yarada bilər»- deyə, S.Vəliyeva qeyd edib.