YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri “Euronews” kanalında

Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri barədə “Euronews” kanalında süjet yayımlanıb.

Süjetdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert və sərgilərin təşkil edildiyi qeyd olunur, əsas sərginin “Azərbaycan - ənənələr və gələcəyin ölkəsi” adlandırıldığı diqqətə çatdırılır.

Süjetdə Azərbaycanın dostları cəmiyyətinin üzvü Nataniel Beker bildirir ki, ekspozisiya üç bölmədən ibarətdir. Onun mərkəzi hissəsini təsviri-tətbiqi incəsənət, xalçaçılıq, milli musiqi alətləri, misgərlik nümunələri təşkil edir.

Daha bir bölmə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilib. Süjetdə Nizami Gəncəvinin orta əsrlərdə Şərqin ən görkəmli şairlərindən biri olduğu, epik poeziyaya danışıq dili və realistik üslub gətirdiyi vurğulanır. Qeyd edilir ki, Nizaminin əsas əsərləri beş poemadır. Bunlardan birinin ən sevilən personajları Şərq əfsanəsinin qəhrəmanları Leyli və Məcnundur.

Daha bir bölmədə Azərbaycan rəssamları haqqında məlumat verilir. Bildirilir ki, sərgidə rəssamlar Xalidə Səfərovanın və Kamil Nəcəfzadənin əsərləri nümayiş olunur. Nataniel Beker həmin rəssamların öz əsərlərində milli xüsusiyyətləri qoruyub saxladıqlarını söyləyir.

Süjetdə “Azərbaycan - ənənələrin və gələcəyin ölkəsi” sərgisinin Kannda iyulun 31-dək davam edəcəyi bildirilir.

Qeyd olunur ki, Azərbaycan mədəniyyəti günləri modelyer Renato Ballestranın moda nümayişi ilə yekunlaşıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak edib.

Süjetdə modelyer hazırladığı kolleksiya haqqında məlumat verərək bildirir ki, onun məqsədi – Azərbaycan qadınının keçdiyi yolu moda vasitəsilə nümayiş etdirməkdən ibarətdir.

Ekspozisiya kimi, moda nümayişi də üç mövzudan ibarət oldu: ənənələri ilə qədim əsrlərə gedib çatan xalçaçılıq, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının əsas rəmzlərindən olan nar və ölkə incəsənətində geniş əksini tapan alov.

Süjet bu sözlərlə yekunlaşır: “Azərbaycan mədəniyyəti günləri gələn ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq mərhələlərindən biridir”.