YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bizim enerji siyasətimiz ölkə iqtisadiyyatının inkişafına xidmət etməlidir

Böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar.

Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində demişdir.

Artıq yerli şirkətlərin də Azərbaycana investisiya qoymağa başladıqlarını bildirən dövlətimizin başçısı ölkəmizdə yaradılan əlverişli sərmayə mühitinə toxunaraq vurğulamışdır: “Mən də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik. Ancaq burada yaşayan və çalışan şirkətlər buraya investisiyalar qoysa, onlar üçün daha yaxşı olar. Gəlirlilik burada daha yüksəkdir, investisiyalar dövlət tərəfindən qorunur”.

Prezident İlham Əliyev yerli şirkətlərin TANAP, “Şahdəniz-2” layihələrinin həyata keçirilməsində, eləcə də tenderlərdə iştirakının önəmli olduğunu bildirərək demişdir: “Orada yaxşı təklif verməlidirlər ki, qalib gəlsinlər. Beləliklə, daha çox vergi ödəyəcəklər, daha çox iş yerləri yaradılacaqdır. Bir sözlə, bizim enerji siyasətimiz bu yolla ölkə iqtisadiyyatının inkişafına xidmət etməlidir, nəinki qazanılan pulların sonra infrastruktur layihələrinə yönəldilməsi ilə. Bu, təbii ki, olacaqdır. Bu layihələrin icrası nəticəsində biz böyük miqdarda vəsait əldə edəcəyik, o vəsaiti də ölkə iqtisadiyyatının inkişafına, sosial məsələlərin həllinə qoyacağıq”.

Dövlətimizin başçısı, həmçinin bildirmişdir ki, kontraktların icrası nəticəsində yerli şirkətlərin fəaliyyəti hesabına iş yerlərinin açılması, yeni sənaye sahələrinin yaradılması prosesi də sürətlə gedəcəkdir.