YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Romanın “Mercati di Traiano” muzeyində olmuş, burada şəhərin meri İqnatsio Marino ilə görüşmüş və İtaliya jurnalistlərinə müsahibə vermişdir

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romanın “Mercati di Traiano” muzeyində olmuş, burada şəhərin meri İqnatsio Marino ilə görüşmüş və İtaliya jurnalistlərinə müsahibə vermişdir.

Prezident İlham Əliyevi Roma şəhərinin meri İqnatsio Marino qarşıladı.

Dövlətimizin başçısına Romanın “Mercati di Traiano” muzeyi barədə ətraflı məlumat verildi. Bildirildi ki, nadir eksponatların qorunduğu bu muzey qədim Roma tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Muzeyin yerləşdiyi ərazidə müxtəlif vaxtlarda aparılan arxeoloji qazıntılar bir çox nadir memarlıq nümunələrini üzə çıxarıb. Digər tərəfdən, bu qazıntılar qədim dövr tarixinin müxtəlif mərhələlərinin tədqiqinə geniş imkanlar açıb. Ona görə də “Mercati di Traiano” muzeyinin əhəmiyyəti heç vaxt azalmır, onun ümumbəşəri dəyəri getdikcə daha da artır.

Daha sonra keçirilən görüşdə Roma şəhərinin meri İqnatsio Marino Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin genişləndiyini bildirdi, ölkəmizdə gedən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdırdı. O, Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını bildirdi. Bunun ölkələrimizin və xalqlarımızın bir-birini daha yaxından tanımaları üçün yaxşı imkan yaratdığını dedi. Roma şəhərinin meri Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq əlaqələrinə toxunaraq Fondun dünyada ümumbəşəri dəyəri olan bir çox mədəni və humanitar layihələri uğurla həyata keçirdiyindən xəbərdar olduğunu bildirdi. İqnatsio Marino Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Romada keçirilən görüşünü xatırladı, Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətinə toxundu. “Mercati di Traiano” muzeyinin ərazisində arxeoloji qazıntı işlərinin aparılmasında Heydər Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndirən mer buna görə təşəkkürünü çatdırdı.

Prezident İlham Əliyev bu memarlıq və mədəniyyət mirasının təkcə Romaya deyil, bütün bəşəriyyətə aid olduğunu dedi, arxeoloji qazıntı işlərində Azərbaycanın da iştirak etməsindən fərəh hissi keçirdiyini bildirdi. “Düşünürəm ki, bu, bizim ikitərəfli əlaqələrimizin vacib elementidir”, - deyən dövlətimizin başçısı mədəniyyət sahəsində əlaqələrin inkişafının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev İtaliya tarixinin və mədəniyyətinin Azərbaycanda yaxşı tanındığını, ölkəmizin mədəniyyətinin də İtaliyada təbliğinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyəyə çatdığını deyərək İtaliyanın Avropada və dünyada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirdi. Hazırda tərəfdaşlığımızın enerji sektorunda uğurla həyata keçirildiyini, Avropanın enerji xəritəsini dəyişəcək TAP layihəsinin Azərbaycan üçün də böyük önəm təşkil etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, əməkdaşlıq əlaqələri gələcəkdə infrastruktur, tikinti, yüksək texnologiyalar və iqtisadiyyatın digər sahələrini də əhatə edəcəkdir.

Görüşdən sonra Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Daha sonra dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında sazişin imzalanması mərasimində iştirak etdi.

Bu saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur.
Sonra İqnatsio Marino Roma şəhərinin rəmzi olan xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

Mərasim başa çatdıqdan sonra dövlətimizin başçısı və Roma şəhərinin meri arxeoloji qazıntı işlərinin aparılacağı ərazini, həmçinin Roma şəhərinin mənzərəsini seyr etdilər.

Sonda Prezident İlham Əliyev İtaliya jurnalistlərinə müsahibə verdi.

Roma şəhərinin Meri İqnatsio Marino göstərdiyi yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu yardım sayəsində biz Aleksandria küçəsində arxeoloji qazıntı işlərini aparacağıq. Söz veririk ki, cənab Prezidentin İtaliyaya növbəti səfəri zamanı biz gördüyümüz işlərin nəticələrini nümayiş etdirəcəyik. “Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunuq. Təbii ki, bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında imzalanmış bu mühüm Saziş ölkələrimizin mədəniyyət sahəsində əlaqələrinin inkişafından xəbər verir. Biz buna böyük əhəmiyyət veririk. Əminəm ki, bu sənəd əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsinə töhfəsini verəcəkdir” – deyə, Roma şəhərinin Meri İqnatsio Marino bildirdi.