YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, multikulturalizmlə bağlı meyillər bizim dövlət siyasətimizi daha da gücləndirir

“Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda, Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub saxlanılır. Bu, bizim tariximizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşamışlar və yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti bundan sonra da aparacağıq”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrin 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.

Prezident İlham Əliyev qeyd etmişdir ki, bu dövlət siyasəti ölkə daxilində böyük rəğbət qazanır. Eyni zamanda, bu, cəmiyyətin də əhval-ruhiyyəsidir. Çünki dövlət siyasəti o zaman uğurlu icra edilə bilər ki, cəmiyyət də buna müsbət cavab verir. Cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, multikulturalizmlə bağlı meyillər bizim dövlət siyasətimizi daha da gücləndirir. Təsadüfi deyil ki, Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilmişdir. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dövlət Bayrağı Meydanının, - bu bayraq dövlətçiliyimizin rəmzidir, - yaxınlığında multikulturalizmə abidə ucaldılmışdır.