YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Nizami rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib

26 sentyabr tarixində keçiriləcək referendumla əlaqədar “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Nizami rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Görüşdə çıxış edən referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçki hüququndan, referenduma hazırlıq işlərindən danışıb. Bildirilib ki, seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilib və müəyyənləşdirilib ki, bu il Nizami rayonunda 887 gənc seçkilərdə ilk dəfə iştirak edəcək.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bütün siyasi kampaniyalarda olduğu kimi, bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və Nizami rayonunda seçkilərin şəffaf, demokratik və yüksək seçici fəallığı şəraitində keçirilməsinə töhfələrini verəcəklər.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov dövlətin gənclər siyasətindən danışaraq deyib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Partiyanın da gənclərə xüsusi münasibət bəslədiyini qeyd edən Seymur Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası regionda həm gənclərin sayına, həm də cəmiyyətin bu aparıcı təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə liderdir.

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva qeyd edib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər gənclərin gələcəyi üçün yeni imkanlar açır: "Biz gənclər bunu çox yaxşı dərk edərək ümumxalq səsverməsində fəal iştirak edəcək, təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəyik".

Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu, I Avropa Oyunlarının qızıl medalçısı, Rio-2016 Olimpiadasının gümüşçüsü, bir çox beynəlxalq idman tədbirlərinin qalibi, “Şöhrət” ordenli, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş Rasul Çunayev ilk dəfə səs verəcək gəncləri əlamətdar hadisə - seçkidə iştirak münasibətilə təbrik edib. O, gənclərin hərtərəfli inkişafı üçün Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb, dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb.

Türkiyədə təhsil alan, Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Tural Şahbazlı bildirib ki, seçki prosesində fəal iştirak, eyni zamanda, məntəqələrə gedib səs verməyi də özündə ehtiva edir. İlk dəfə səs verəcək gənclərimiz isə daha fəal olmalıdırlar. Çünki Azərbaycan xalqı müstəqillik uğrunda uzun müddət gərgin mübarizələr aparıb və biz artıq beşinci dəfədir ki, milli parlamentimizi formalaşdırırıq. Ona görə də, gənclər, xüsusən ilk dəfə səs verənlər səsvermə hüquqlarını reallaşdırmalı, hətta ətrafdakıları da bu prosesə cəlb etməlidirlər.

İlk dəfə səs verəcək gənclər adından bu il ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 700 bal toplayaraq Bakı Dövlət Unversitetinin Hüquq fakültəsinə daxil olmuş Elvin İsayev, 657 balla BDU-nun Hüquq fakültəsinə daxil olmuş, Qarabağ müharibəsi veteranı ailəsinin nümayəndəsi Aygün  Rəhimli, 676 balla Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə daxil olmuş, rayonun 70 saylı lisey-məktəbini qızıl medalla bitirmiş, Azərbaycan dili və ədəbiyyatı üzrə respublika olimpiadasının gümüş medalçısı Gülnarə Abbaszadə və başqaları çıxış edərək gənclərə xüsusi diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyasının və Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildiriblər. Qeyd ediblər ki, gənclər bu seçki prosesində fəallıq göstərərək kütləvi şəkildə məntəqələrə gedib səs verəcək. Qeyd edilib ki, Nizami rayon gəncləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlar.

Tədbirdən sonra deputat Sədaqət Vəliyeva qəbul imtahanlarında yüksək nəticələr göstərmiş tələbələr və onların valideynləri ilə görüşüb.