YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı Hacıqabul şəhərində görüş keçirildi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı Hacıqabul şəhərində görüş keçirildi.

Görüşdə Hacıqabul Bələdiyyələri Şurasının sədri Hüseyn İsmayılov çıxış edərək hacıqabulluları ölkənin ictimai-siyasi həyatında daha da fəal olmağa, xüsusən 26 sentyabrda keçiriləcək referendumda Konstitusiyamıza  təklif olunan  əlavə və dəyişikliklərə səs verməyə səslədi.  Bildirdi ki, bu gün Azərbaycan  dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur. Eyni zamanda, insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün də sözügedən dəyişikliklərə ehtiyac duyulur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan vətəndaşları  bu dəyişiklikləri yekdilliklə dəstəkləyəcəkdir: «Çünki xalqımız belə siyasi hadisələrdə həmişə müdriklik göstəribdir.»

Görüşdə «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki, Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrdə insan hüquq və azadlıqlarının təminatını daha da gücləndirən, onun inkişafına rəvac verən kifayət qədər məqamlar öz əksini tapacaq. Belə ki, təklif olunan 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Hansı ki, bunlar eyni zamanda iqtisadi hüquqları əhatə edir. Eləcə də digər dəyişikliklərdə də dövlətin iqtisadi maraqları əksini tapır. Məsələn, torpaqlardan səmərəli istifadə etmək bu gün əsas vəzifələrdən biridir. Amma təəssüflə qeyd etməliyik ki, bu sahədə ciddi problemlər var və əkinəyararlı torpaqlar istifadə olunmur. Konstitusiyaya ediləcək yeni dəyişikliklərlə torpaq mülkiyyəti və aqrar sahədə olan fundamental problemlər öz həllini tapmış olacaq.
Görüşdə Birinci Udulu kənd bələdiyyəsinin sədri Ramiz Təhməz çıxış edərək hacıqabulluları Azərbaycan dövlətinin işıqlı gələcəyi naminə Konstitusiya islahatlarına səs verməyə çağırdı. Əmin olduğunu bildirdi ki, hacıqabullu seçicilər bu dəyişikliklərə «hə» deyəcəklər.

Görüşdə çıxış edən seçicilər də dəyişikliklərlə tanış olduqlarını və Konstitusiya islahatlarına səs verəcəklərini bildirdilər.