YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda “Cənub Qaz Dəhlizi” layihəsi müzakirə edilib

Vaşinqtonda “Atlantika Şurası” analitik mərkəzi tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsi qrafik üzrə gedirmi?” mövzusunda “dəyirmi masa” təşkil edilib. Tədbirdə Avropanın enerji təhlükəsizliyinin təmini məsələləri və “Cənub Qaz Dəhlizi” layihəsinin detalları müzakirə olunub.

“Atlantika Şurası” Qlobal Energetika Mərkəzinin direktoru Riçard Morninqstarın moderatorluğu ilə keçirilən tədbirdə bp şirkətinin “Cənub Qaz Dəhlizi” layihəsinin vitse-prezidenti Con Merfi, “Atlantika Şurası” yanında Dinu Patrişiu adına Avrasiya Mərkəzinin ştatdankənar əməkdaşı Aqniya Qriqas və ABŞ Dövlət Departamentinin Avrasiyanın enerji məsələləri üzrə xüsusi nümayəndəsinin və beynəlxalq energetika əlaqələri üzrə koordinatorunun sabiq böyük müşaviri Daniel Stayn çıxış ediblər.

C.Merfi “dəyirmi masa” iştirakçılarına “Cənub” Qaz Dəhlizinin tərkib hissəsi olan dörd meqa-layihə və bu istiqamətdə iş qrafiki haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Transadriatik qaz kəməri üzrə işlər Albaniyada və Yunanıstanda cari ilin avqust ayında start götürüb, İtaliyada isə işlər noyabr ayında başlanacaq. İlkin mərhələlərdə Qərbə 16 milyard kubmetr qaz nəql etmək (Avropaya 10 milyard, Türkiyəyə 6 milyard) planlaşdırılır. Perspektivdə isə boru kəmərinin buraxılış qabiliyyəti 32 milyard kubmetr təşkil edəcək ki, bu da gələcəkdə “Cənub” Qaz Dəhlizinə digər potensial boru kəmərlərinin qoşulmasına imkan verəcək.

A.Qriqas və D.Stayn Cənubi Qafqazda və Orta Asiyada layihələrin tarixindən və geosiyasi vəziyyətdən, habelə Cənub-Şərqi Avropada boru kəmərləri şəbəkəsinin inkişafından danışıblar. Həmçinin Aralıq dənizinin şərq hissəsində qaz yataqları layihəsi və bu potensial mənbələrin “Cənub” Qaz Dəhlizinə qoşulması müzakirə edilib.

Məruzəçilər Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında “Cənub” Qaz Dəhlizinin strateji rolunu vurğulayıblar.