YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı ilk dəfə səs verən seçicilərlə görüşü keçirildi

Sentyabrın 21-də Saatlı rayonunda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı ilk dəfə səs verən seçicilərlə görüşü keçirildi.

Görüşdə çıxış edən YAP Saatlı rayon  təşkilatının sədri Lütvəli Şıxəliyev bildirdi ki, bu gün Azərbaycan  dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur. Eyni zamanda, insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün də sözügedən dəyişikliklərə ehtiyac duyulur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan vətəndaşları  bu dəyişiklikləri yekdilliklə dəstəkləyəcək. Çünki xalqımız belə siyasi hadisələrdə həmişə müdriklik göstərib.

L. Şıxəliyev bildirdi ki,  dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir: «Hələ ilin əvvəlində Prezident İlham Əliyev 2016-cı ili dərin islahatlar ili elan edib, yeni qurumlar təsis edib. Ona görə də Konstitusiyaya dəyişikliklərini ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal idarəetmə kimi nəzərdə tutulub. Dəyişiklik və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrinin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da mühüm addımdır».

Görüşdə çıxış edən YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Əzizov bildirdi ki, dərin iqtisadi islahatlar siyasi sistemin müvafiq şəkildə təkmilləşdirilməsini zəruri edir. Əks halda, həyata keçirilən iqtisadi islahatlar yarımçıqlıq kompleksindən xilas ola bilməyəcək. Çevik, müasir, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi hədəfə alan iqtisadi idarəçilik mexanizminin yaradılması təbii olaraq siyasi sistemin təkmilləşdirilməsini mühüm şərt olaraq irəli sürür. Məhz möhtərəm Prezidentimiz İlham Əliyevin Konstitusiyada bəzi dəyişikliklərin edilməsi ilə əlaqədar referendum keçirilməsi təşəbbüsü buradan qaynaqlanır. Mən bu təşəbbüsü böyük hədəflərə yönəlmiş və vaxtında atılmış addım hesab edirəm. Əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir. Aydınca görünür ki, Konstitusiya islahatları ölkə vətəndaşlarının rifahını daha da yüksəldəcək yeni siyasi və iqtisadi əsaslar yaradacaqdır. Ona görə də mən bütün gəncləri fəal olmağa və Konstitusiya islahatlarına «hə» deməyə səsləyirəm.

Görüşdə çıxış edən gənc seçicilər də dəyişikliklərlə tanış olduqlarını və onu dəstəklədiklərini diqqətə çatdırdılar.