YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Pirallahı rayon şöbəsi seçicilərlə görüş keçirdi

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Pirallahı rayon şöbəsi seçicilərlə görüş keçirdi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov çıxış edərək bildirdi ki, təklif olunan dəyişikliklərdə bir çox məsələlər yer alır. M.Manafov vurğuladı ki, bu dəyişikliklər idarəetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyət, sosial məsuliyyət və sosial ədalət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı və digər məsələlərdə mühüm əhəmiyyət kəsb edəcək.

Görüşdə Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək son illər respublikamızda görülən işlərdən, qazanılan uğurlardan söhbət açdı. R.Əliyev məlumat verdi ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə insan hüquqlarının müdafiəsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi kimi məsələlər xüsusi yer tutur. Bu, hüquqların daha etibarlı təminatı baxımından önəmlidir. Konstitusiya islahatları həm də ölkəmizin demokratik inkişafına xidmət edir. Milli Məclisin deputatı vurğuladı ki, Pirallahı seçiciləri bütün əvvəlki seçkilərdə və referendumlarda olduğu kimi bu il 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində də  fəal iştirak edəcək, təklif olunan dəyişikliklərə «hə» deyəcək, bununla da ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini nümayiş etdirəcəklər.

Görüşdə çıxış edən professor Rasim Nəbiyev bildirdi ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurların, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatların, ölkəmizin dünya miqyasında artan nüfuzunun, sürətli tərəqqinin nəticəsidir: «Ötən müddət ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu inkişaf, tərəqqi yolunda isə zamanın tələbi olaraq müəyyən dəyişikliyə getmək zərurəti yaranır. 2002 və 2009-cu illərdə də Konstitusiyamıza müəyyən əlavə və dəyişikliklər edilib. Məhz bu referendumlardan sonra ölkəmizdə inkişafın yeni mərhələsi başlanıb. Azərbaycan dünyada özünü xeyli dərəcədə tanıda bilib. Biz bu inkişafın davamlı olması üçün 26 sentyabrda keçiriləcək referendumda aktiv olmalıyıq. İnanıram ki, seçicilər Referendum Aktı layihəsinə "hə" deyəcəklər.”

Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov bildirdi ki, xalqımız həmişə Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı şəkildə dəstəkləyib. Ona görə ki, aparılan bu siyasət ölkə vətəndaşlarının firavan həyat sürmələrinə, azad və demokratik bir ölkədə yaşamalarına xidmət edir. Pirallahı seçiciləri Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklər.

YAP Pirallahı rayon təşkilatının sədr müavini Əli Kərimov vurğuladı ki,  Konstitusiyaya dəyişikliklər Azərbaycanda demokratik proseslərin daha da inkişaf etməsinə, insan haqlarının qorunmasına, ölkəmizdə idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq. Ə.Kərimov əminliklə bildirdi ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin xalqımızın ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq və xalqımız yekdilliklə səs verəcək. 

Görüşdə seçicilər adından çıxış edən Tünzalə Babayeva, Şamil Kazımov, Oktay Əhmədov, Səməd Əhmədov və başqaları qeyd etdilər ki, ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, həyata keçirilən bütün tədbirlər vətəndaşların sosial rifahının daha da yaxşılaşmasında müstəsna rol oynayır. Seçicilər Konstitusiyaya təklif olunan dəyişikliklərə inkişafın davamlı olması üçün «hə» deyəcəklərini vurğuladılar.