YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumxalq səsverməsi ilə əlaqədar Tərtər rayonunun seçiciləri ilə görüş keçirilib

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Tərtər rayonunun seçiciləri ilə görüş keçirilib.

Görüşdə “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 26-da ölkəmizdə növbəti tarixi hadisənin-referendum seçkilərinin baş tutacağını seçicilərə xatırladaraq bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunan ilk Konstitusiyamızdan sonra Əsas Qanunda iki dəfə referendum yolu ilə müəyyən dəyişikliklər edilib: “2002 və 2009-cu illərdə baş tutan referendumlarda xalq öz iradəsini ortaya qoyaraq Əsas Qanuna təklif olunan dəyişiklikləri dəstəkləyib. İnanıram ki, budəfəki seçkilərdə də Azərbaycan xalqı işıqlı gələcəyi naminə, dövlətin müstəqilliyinin qorunması naminə yeniliyə “hə” deyəcək”.

Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, ümumilikdə Konstitusiyanın 29 maddəsində əlavə və dəyişiklik nəzərdə tutulub: “Onun da 23-ü dəyişiklik, 6-sı əlavədir: “Azərbaycanın Əsas Qanunu sosialyönümlüdür və indiki mərhələdə sosial layihələri daha çevik, daha effektiv həyata keçirməkdən ötrü müəyyən əlavə və dəyişikliklərin edilməsi təklif olunub. Burada yeni yanaşmalar, yeni düşüncələr ortaya qoyulub ki, onun da böyük bir hissəsi birmənalı şəkildə Azərbaycanda insan hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir. Ümumiyyətlə isə mən Konstitusiyaya təklif  olunan əlavə və dəyişiklikləri inkişaf dövrünün yeni bir mərhələsi kimi səciyyələndirərdim. Ona görə də Tərtər seçicilərini Azərbaycanın yeni inkişaf mərhələsində inamla irəliləməyə çağırıram”.

İrəvanlı kəndindən olan seçici Afaq Məmmədova, Ələsgərli kənd sakini Məhəmməd Şirinov çıxış edərək vurğulayıblar ki, sentyabrın 26-da xalq dövlət başçısının Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təşəbbüsünə yekdilliklə “hə” deyəcəklər. Belə bir inam ifadə olunub ki, bu dəyişikliklər dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə, dəyərlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək.