YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə seçiciləri Konstitusiya islahatlarını dəstəkləyirlər

Sentyabrın 26–da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı   Bərdədə seçicilərlə görüş keçirildi. 

400 nəfər seçicinin iştirak etdiyi görüşdə «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru, Bəxtiyar Sadıqov, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Bərdə rayon şöbəsinin və YAP Bərdə rayon təşkilatının  sədri Fəqət Şadlinskaya iştirak edirdilər.

Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının  sədri Fəqət Şadlinskaya açaraq Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə geniş məlumat verdi. Bildirdi ki, referendumun keçirilməsində məqsəd Azərbaycan xalqının rifah halının yüksəldilməsi, ölkəmizin dünyaya daha da sürətli inteqrasiyasını təmin etməkdir.

Bəxtiyar Sadıqov görüşdə çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklər də Azərbaycanın gələcək inkişafına təminat verəcək və sözsüz ki, bütün xalq tərəfindən dəstəklənəcək. Konstitusiya islahatlarının bütün ölkə vətəndaşlarının, xüsusən də gənclərin maraqlarına uyğun olduğunu deyən B.Sadıqov seçiciləri fəal olmağa, sentyabrın 26-da Referendum Aktının layihəsinə səs verməyə çağırdı.

Vüqar Rəhimzadə çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyətini iştirakçılara izah etdi, yeniliklərin  cəmiyyətimiz, dövlətimiz və xalqımız üçün əhəmiyyətini vurğuladı. «Ölkə Prezidenti cənab İlham Əliyev zamanın tələbi olaraq bir sıra yeni islahatlar həyata keçirməyi vacib hesab edərək Konstitusiyaya bir sıra əlavə və dəyişikliklərin olunmasını təklif edib. Bu mənada düşünürəm ki, 26 sentyabrda keçiriləcək referendum Azərbaycanda demokratik proseslərin daha da inkişaf etməsinə, insan haqlarının daha etibarlı qorunmasına, idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq» deyən V.Rəhimzadə əmin olduğunu bildirdi ki, sentyabrın 26-da bütün Azərbaycan xalqı, o cümlədən bərdəlilər yekdilliklə seçki məntəqələrinə gedərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin lehinə səs verəcəklər.

Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov rayon seçicilərini ümumxalq səsverməsində fəal iştirak etməyə və Azərbaycanın daha da inkişafı, ölkəmizdə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi üçün Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləməyə çağırdı.

Görüşdə çıxış edən seçicilər bərdəliləri 26 sentyabr 2016 – cı il tarixində seçki məntəqələrinə gedərək Referendum Aktı layihəsinə səs verməyə çağırdılar.