YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu Nərimanov rayonunda qadın seçicilərlə görüş keçirib

Sentyabrın 9-da «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu Nərimanov rayonunda qadın seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan  YAP Nərimanov rayon  təşkilatının və  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu Nərimanov rayonu şöbəsinin sədri Təmraz Tağıyev  Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. O, əmin olduğunu bildirib ki, ölkə vətəndaşları, o cümlədən qadınlar sentyabrın 26-da Referendum Aktına səs verəcəklər. T.Tağıyev bu prosesdə Nərimanov rayon qadınlarını da fəal olmağa çağırıb.

Görüşdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı  Hikmət Babaoğlu tədbir iştirakçılarını salamlayaraq Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. Hikmət Babaoğlu bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən səlahiyyətli nümayəndə qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var.  

 Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışan Hikmət Babaoğlu bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: “Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq”.
Səlahiyyətli nümayəndə  qeyd edib ki, gələcəkdə Azərbaycanda daha optimal idarəetmənin şahidi olacağıq: “Həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Dəyişikliklərə əsasən ölkəmizdə vitse-prezidentlik institutu yaradılacaq. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Bu baxımdan, biz məsələni daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik. Bu yeni qurum öz-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək. Onu da qeyd edim ki, prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə prezident 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Bütövlükdə, Referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər - insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və sair məsələlər əks olunub”.

Konstitusiya islahatları ilə bağlı təşəbbüsün ölkə Prezidenti İlham Əliyev tərəfindən irəli sürüldüyünü xatırladan Hikmət Babaoğlu Nərimanov rayonunun qadınlarını bu dəyişikliklərə səs verməyə çağırıb.

Çıxış edən YAP Qadınlar Şurasının sədr müavini, partiyanın Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova da Konstitusiya islahatlarının əhəmiyyətini vurğulayıb. O bildirib ki, YAP Nərimanov rayon təşkilatında 9 min nəfərə qədər qadın təmsil olunur ki, onlar da rayonun ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Konstitusiya islahatlarının ölkəmizin gələcək inkişafına xidmət etdiyini deyən M.İbrahimova qadınların bu prosesdə fəal olacağına əminliyini ifadə edib.

YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova Nərimanov rayon qadınlarının bütün seçkilərdə fəal iştirak etdiyini deyib və qarşıdan gələn ümmuxalq səsverməsində də məhz belə olacağına inandığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin ölkəmizin və xalqımızın inkişafına xidmət etdiyini deyən M.Məmmədova Konstitusiya islahatlarının dövlətçiliyimizin daha da güclənməsinə səbəb olacağını vurğulayıb.

Görüşdə gənclər adından çıxış edən Günay İmanova dövlət başçısı tərəfindən uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. O, qeyd edib ki, Konstisusiya islahatları ölkə gəncliyinin də maraqlarına cavab verir, gənclərin inkişafına yeni imkanlar açır.