YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı-Avropa Oyunları - 2015” in təntənəli təqdimatı olmuşdur

Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” keçirilir.

İyulun 9-da “Bakı-Avropa Oyunları-2015”in təntənəli təqdimatı olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.

Kann şəhəri yenidən Azərbaycan mədəniyyət təntənələrinə ev sahibliyi edir. Fransanın bu qədim, həm də mədəniyyət tədbirləri ilə zəngin şəhəri artıq bir neçə gün əvvəl Azərbaycanla bağlı baner və posterlərlə bəzədilmişdir. Bununla da şəhər əhalisi və burda istirahət edən minlərlə turist Azərbaycanla bağlı tədbirlər haqqında məlumatlandırılmışdır. Azərbaycan günləri çərçivəsində tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcəklər.

“Bakı - Avropa Oyunları – 2015”in təntənəli təqdimat mərasimi başlamışdır. Tədbirin aparıcısı Azərbaycan, ölkəmizin tarixi və mədəniyyəti haqqında mərasim iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, zəngin mədəni dəyərlərə malik olan Azərbaycan təxminən bir ildən sonra ilk Avropa oyunlarına ev sahibliyi edəcəkdir.

Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard Qafqazın mirvarisi olan Azərbaycan ilə Aralıq dənizinin mirvarisi olan Kann şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf etdiyini bildirmişdir. Mer demişdir ki, artıq ikinci dəfədir ki, Kannda Azərbaycan mədəniyyət günləri təşkil olunur. “Azərbaycan zəngin mədəni dəyərlərə malikdir” deyən Kann şəhərinin meri əminliklə bildirmişdir kİ, gələn il ilk Avropa oyunları Bakıda yüksək səviyyədə təşkil olunacaqdır.

Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etmişdir.

Mehriban Əliyevanın çıxışı alqışlarla qarşılanmışdır.

Mərasimdə “Bakı - 2015 Avropa oyunları”na həsr olunan video təqdimat olmuşdur. Burada ötən dövrdə görülən işlər, tikilən idman obyektləri, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən toplantılar barədə geniş məlumat verilmişdir.

Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya 2015 - ci ildə ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırmışdır. O, bununla bağlı görülən işləri yüksək qiymətləndirərək vurğulamışdır ki, Avropa oyunlarına hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Fransa Olimpiya və İdman Komitəsinin prezidenti tam əminliyini ifadə etmişdir ki, Bakı Avropa oyunlarını uğurla başa vuracaqdır.

Sonra “Bakı-2015 Avropa oyunlarının” təqdimatına həsr edilən ziyafət olmuşdur. Azərbaycan incəsənət ustaları mərasimdə konsert proqramı ilə çıxış etmişlər.

Daha sonra isə Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq olmuşdur. Əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir.
Atəşfəşanlıq Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunmuşdur.

Artıq ilk Avropa oyunlarının keçirilməsinə bir ildən də az vaxt qalır. Ötən dövrdə görülmüş işlər, Avropa oyunları ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, 2015-ci ildə Avropa oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ölkəmizdə yaşanan olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu, həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.

Gələn il Bakıda keçiriləcək birinci Avropa oyunlarının ölkədən kənarda keçirilən ilk təqdimatı yüksək səviyyədə baş tutmuşdur. Bütün bunlar bir daha təsdiqləmişdir ki, bu beynəlxalq idman tədbirinə dünyada, xüsusilə də Avropada böyük maraq var və 2015-ci ilin yayında Azərbaycan yenidən dünyanın diqqət mərkəzində olacaqdır.