YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstanda keçirilən beynəlxalq yarışlar "Azerspace-1" peyki vasitəsilə yayımlanacaq

Sentyabrın 3-8-də Qırğızıstanda keçiriləcək ikinci Dünya Köçəri Oyunları "Azerspace-1" peykinin resurslarından istifadə olunaraq canlı yayımlanacaq.

"Azərkosmos" ASC-dən bildiriblər ki, qurum ilə Qırğızıstanın "Transfer LTD" arasında imzalanan müqaviləyə əsasən, 6 gün davam edəcək yarışların canlı görüntüsü dünyanın bir çox beynəlxalq yayım mərkəzinə "Azerspace-1" peyki vasitəsilə çatdırılacaq.

2014-cü ildən etibarən keçirilən Dünya Köçəri Oyunlarına 20-dən çox yarış, o cümlədən at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarışlar daxil edilib. Bundan başqa, yarışlar zamanı köçəri mədəniyyəti nümayiş olunacaq. Builki oyunlarda Azərbaycan, Argentina, Braziliya, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Çin, Latviya, Niderland, Pakistan, Rusiya Federasiyası, ABŞ və digər ölkələrdən komandaların iştirakı gözlənilir.

Bu və digər idman yarışlarının eləcə də əhəmiyyətli tədbirlərin "Azerspace-1" peyki vasitəsilə yayımlanması Qırğızıstanla "Azərkosmos" arasında davam edən əməkdaşlığın növbəti uğurlu addımı hesab olunur. 2015-ci ildən etibarən Qırğızıstanın ictimai kanalı KTRK "Azerspace-1" peykinin resurslarından istifadə edir.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.