YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Bəzi qüvvələr Azərbaycanın inkişafından, beynəlxalq tədbirlər məkanına çevrilməsindən narahatlıq keçirir

“Azərbaycanda hər dəfə hansısa böyük beynəlxalq tədbir keçiriləndə Milli Şuranın yadına mitinq düşür. Bunların xisləti həmişə ondan ibarət olub ki, Azərbaycanda böyük tədbirlər keçirilən vaxt bunlar da mitinq keçirsinlər”.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın sentyabrın 11-də mitinq keçirmək istəyinə münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, Milli Şura beynəlxalq tədbirlər vaxtı mitinq keçirməklə diqqəti cəlb etmək istəyir: “Məsələn, mitinqi ayın 15-i və ya 16-sı keçirsinlər. Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi dövrdə, müqəddəs Qurban bayramı ərəfəsində bunların yadına mitinq düşür. Görün, bunlar nə qədər xalqdan aralanıb, bunların xalqla əlaqəsi nə qədər itib ki, yalnız beynəlxalq tədbirlər vaxtı diqqəti cəlb etməyə çalışırlar. Bunlar ancaq öz xislətlərini düşünürlər”.

S.Novruzov vurğulayıb ki, bəzi qüvvələr Azərbaycanın inkişafından, beynəlxalq tədbirlər məkanına çevrilməsindən narahatlıq keçirir: “Milli Şura da həmişə bu cür mövqedən çıxış edib, Azərbaycanın nüfuzuna xələl gətirməyə, ölkəmiz haqqında mənfi fikir formalaşdırmağa çalışıb. Birinci Avropa Oyunları dövründə də belə cəhdlər oldu, indi də bu cür cəhdlər göstərməyə çalışırlar. Ancaq onlar heç vaxt öz çirkin niyyətlərinə nail ola bilməyib və bundan sonra da nail ola bilməyəcəklər. Çünki xalq onların əsl xislətini bilir. Xalq yaxşı başa düşür ki, Milli Şuranı heç vaxt millətin, dövlətin maraqları düşündürməyib, onlar ancaq öz şəxsi maraqları, xaricdən aldıqları vəsaitlər haqqında düşünürlər”.

Deputat əlavə edib ki, Milli Şura yarandığı gündən xalqın dəstəyindən, etimadından məhrum olub: “Çünki Milli Şura dövlətə xəyanət etmiş insanların iştirakı ilə yaranmışdı və onlar da ancaq şəxsi mənafelərini güdürdülər. Ona görə də qısa müddət ərzində parçalandılar, sosial baza toplaya bilmədilər”.

S.Novruzov həmçinin bildirib ki, Milli Şuranın sentyabrın 26-na təyin olunmuş refendum aktı əleyhinə hər hansı mitinq keçirməsi qanunaziddir: “Çünki referendumun lehinə və yaxud əleyhinə təbliğat aparmaq Seçki Məcəlləsi ilə tənzimlənir. Seçki Məcəlləsində isə göstərilir ki, bu cür təbliğatın aparılması üçün mütləq təşviqat qrupu yaradılmalıdır. Milli Şuranın isə sosial bazası olmadığına görə təşviqat qrupu yarada bilmədiyi üçün Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə hər hansı təbliğat aparması qəti şəkildə qadağandır”.