YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edib

Latviya Prezidenti Raymonds Veyonis sentyabrın 2-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edib. Görüşdə Mərkəzin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin və Mərkəzin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Prezident Raymonds Veyonisə çatdırıb. Prezident R.Veyonis də öz növbəsində Azərbaycan dövlətinin başçısına minnətdarlığını çatdırmağı xahiş edib.

Daha sonra nümayəndə heyətinin üzvləri Latviya Prezidentinə Qlobal Bakı Forumu barədə məlumat veriblər. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi, elmi platformaya çevrildiyi vurğulanıb. V Qlobal Bakı Forumuna hazırlıqla bağlı müəyyən məsələlər – dəvət olunan qonaqlar, mövzular, həmçinin yeni layihələr, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar müzakirə edilib. Prezident Raymonds Veyonis 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumuna dəvət olunub. Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti barədə məlumatların böyük maraq doğurduğunu vurğulayıb.

Görüşdə Latviyadakı Azərbaycan diasporuna göstərilən diqqət, qayğı və dəstəyə görə Latviya Prezidentinə və hökumətinə minnətdarlıq ifadə olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərinin Riqaya səfəri davam edir. Bundan öncə nümayəndə heyətinin Latviya Seymində ölkənin sabiq Baş naziri, Seymin deputatı Laymdota Strauyuma ilə görüşü keçirilib. Səfər çərçivəsində İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Latviya Universitetində Nizami Gəncəvinin yaradıcılığına dair mühazirə oxuyacaq.