YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkə hüdudlarından kənarda referendumun təşkili ilə əlaqədar 38 seçki məntəqəsi yaradılıb

Ölkə hüdudlarından kənarda ümumxalq səsverməsinin təşkili ilə əlaqədar sentyabrın 2-də Xarici İşlər Nazirliyi (XİN) və Mərkəzi Seçki Komissiyası (MSK) birgə seminar keçirib.

Seminarda çıxış edən XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov xatırladıb ki, Azərbaycan Prezidenti 2016-cı il iyulun 26-da “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Sərəncam imzalayıb. Ölkəmizin hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşların ümumxalq səsverməsində (referendum) iştirakının və səsvermə hüququnun təmin olunması üçün müvafiq diplomatik nümayəndəliklərdə seçki məntəqələri təşkil ediləcək.

F.Qurbanov vurğulayıb ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin 38 diplomatik nümayəndəliyində və konsulluğunda ümumxalq səsverməsinin keçirilməsi nəzərdə tutulub. Hazırda müvafiq seçici siyahıları ilə bağlı məlumatlar diplomatik nümayəndəliklər və konsulluqlardan əldə olunaraq MSK-ya təqdim edilib. Eyni zamanda, referendumun yüksək səviyyədə təşkil olunması və prosesin lazımi qaydada əlaqələndirilməsi üçün XİN-də işçi qrup yaradılıb.

MSK Katibliyinin rəhbəri Rövzət Qasımov istənilən seçicinin səsvermədə iştirak etməsi və özünün aktiv seçki hüququnu reallaşdırması üçün bütün lazımi addımların atıldığını söyləyib. Bildirib ki, bununla bağlı ən mühüm məsələlərdən biri də Azərbaycan Respublikasının ölkə hüdudlarından kənarda səs verəcək vətəndaşlardır. Belə ki, səsvermə hüququna malik Azərbaycan vətəndaşı əgər Azərbaycan Respublikasının hüdudlarından kənarda ölkəmizin diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydiyyata alınaraq müvəqqəti seçici siyahılarına daxil edilibsə, həmin seçicilər öz hüquqlarından istifadə edə bilərlər. Məhz bunu nəzərə alaraq referenduma start verildikdən sonra Mərkəzi Seçki Komissiyası Xarici İşlər Nazirliyi ilə birgə bir sıra tədbirlər həyata keçirib. Bunun əsas məqsədi isə ölkə hüdudlarından kənarda seciçilərin səsvermə hüquqlarından istifadə etmələrinə şərait yaradılmasıdır. Seçki Məcəlləsinə əsasən səsvermə günü xarici ölkələrdə olan vətəndaşlarımızın səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri müvafiq ərazilərdə konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən çox olduqda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsulluqlarının rəhbərləri tərəfindən səsvermə gününə azı 30 gün qalmış yaradılmalıdır. Səsverməyə 25 gün qalmışadək isə seçici siyahıları tərtib olunaraq MSK-ya təqdim edilməlidir. MSK isə öz növbəsində həmin siyahıları təsdiq etməli və müvafiq seçki dairələri ayırmalıdır. Bunu nəzərə alaraq MSK referenduma 25 gün qalmış - avqustun 31-də qərar verərək ölkə hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan üç seçki dairəsi müəyyən edib. Bunlar isə 15 saylı Yasamal birinci, 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələridir.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.