YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Minsk qrupunun həmsədr dövlətləri nəhayət ki, danışıqları imitasiya xətrinə davam etdirməyin yolverilməz olduğunu anlayıblar

«Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ probleminin həlli baxımından yeni hərbi-siyasi şərtlər formalaşıb, təşəbbüs Azərbaycanın əlinə keçib. Ötən illər ərzində Azərbaycan öz siyasi, hərbi, diplomatik gücünü artırmaqla həm Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında, həm də beynəlxalq münasibətlər sistemində öz nüfuzunu xeyli artırıb. Belə olan halda, münaqişələrin tənzimlənməsi ilə əlaqədar sülhə məcburetmə situasiyası yaranıb». Bu fikirləri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, artıq Azərbaycan öz hərbi-siyasi və iqtisadi gücünü nümayiş etdirərək, Ermənistanı sülhə məcbur etmək strategiyasına qədəm qoyub. Onun fikrincə, bu istiqamətdə xeyli uğur da əldə edilib.

«Hazırda regional şərtlər Azərbaycanın lehinədir. Bu şərtlər heç də öz-özünə formalaşmayıb. Azərbaycan bu gün Ermənistanı həm iqtisadi blokadada, həm də hərbi və siyasi gücünün təzyiqi altında saxlayır. Eyni zamanda, yeni şərtlər formalaşdırmaqla Dağlıq Qarabağ problemini həll etməyə çalışır. Hesab edirəm ki, bu siyasət effektiv olacaq. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eləcə də Ermənistan özü başa düşüb ki, Azərbaycan kimi güclü bir ölkənin torpaqlarını işğal altında saxlamaq olmaz. Bu reallığı Ermənistanda siyasi qərarları verənlərlə bərabər, sadə erməni vətəndaşlar da başa düşürlər. Lakin buna baxmayaraq, Ermənistandakı hərbi xunta problemin həllini maksimum şəkildə yubatmağa çalışır. Ümid edirlər ki, gələcəkdə onların xeyrinə olacaq hər hansı yeni şərtlər formalaşacaq. Ancaq zaman Azərbaycanın xeyrinə işləyir. Nə bu gün, nə də sabah rəsmi Bakı, ümumilikdə xalqımız işğal faktı ilə barışmayacaq, əzəli Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Dövlət başçısının da dəfələrlə qeyd etdiyi kimi substantiv danışıqlar başlamalıdır. Substantiv danışıq diplomatiyada yeni termindir və konkret nəticəsi olacaq, real danışıqlar deməkdir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri nəhayət ki, danışıqları imitasiya xətrinə davam etdirməyin yolverilməz olduğunu anlayıblar»- deyə, H.Babaoğlu vurğulayıb.