YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü əvvəlkilərdən fərqli hesab etmək olar

Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya Prezidentinin iştirakı ilə keçirilən görüşünü əvvəlkilərdən fərqli hesab etmək olar. Bu fikirdə olan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, bu görüş bütün məsələlərə yanaşma nöqteyi-nəzərindən daha konstruktiv və münaqişənin həllində tərəflərin daha maraqlı olmasını nümayiş etdirən görüş oldu.

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, bu ilin aprel ayında Ermənistan tərəfinin Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi təxribat və Azərbaycan Ordusunun buna layiqli cavabı əslində bu məsələ ilə bağlı maraqlı tərəflərə, həm ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də bütün dünyaya bir mesaj idi. Bu mesaj ondan ibarət idi ki, münaqişənin indiyə qədər həll edilməməsi, bu vəziyyətdə qalması və müəyyən mənada dondurulmuş hesab olunması çox təhlükəli bir mövqedir. Bu da münaqişənin artıq həll olunmasının zəruriliyini ortaya çıxardı. Sadalanan bu məsələlər danışıqlar prosesinin intensivləşməsinə, dövlət başçılarının və hər iki ölkənin rəsmi şəxslərinin görüşlərinin keçirilməsinə də öz təsirini göstərdi. Əldə olunan razılığa görə, Rusiya tərəfinin keçirdiyi görüş daha məqsədəuyğun idi. Bu görüşdə də aparılan danışıqlar onu deməyə əsas verir ki, Rusiya Prezidenti Vladimir Putin münaqişənin həllində daha qətiyyətlidir və daha da məqsədli fəaliyyət ortaya qoyur.

Prezident Administrasiyasının rəsmisi deyib ki, görüşdə münaqişənin həlli yollarının axtarılması istiqamətində geniş müzakirələr aparıldı. Xüsusilə, təmas xəttində gərginliyin azaldılması, təhlükəsizliyin yüksək səviyyədə təmini və monitorinqlərin daha əhatəli olması ətrafında fikir mübadiləsi aparıldı. Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni, bundan sonra münaqişənin mərhələli həlli istiqamətində irəliyə getmək lazımdır. Bu razılığın həyata keçməsi üçün, əlbəttə, bundan sonra həmsədrlər xüsusi fəaliyyət göstərməlidirlər. Eyni zamanda, bu görüşü Rusiya Prezidentinin keçirməsinə baxmayaraq, məsələ digər dövlətlərlə də koordinasiya olunacaq, proseslər gedəcək.

Novruz Məmmədov bildirib ki, danışıqların intensivləşməsində və bu cür görüşlərdə müəyyən razılıqların əldə olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm rolu var. Çünki dövlətimizin başçısı bütün görüşlərində bildirir ki, mövcud status-kvo davam edə bilməz, münaqişənin həlli ilə bağlı addımlar atılmalıdır. Bu görüşdə əldə olunan nəticələr Azərbaycan Prezidentinin həmişə bütün görüşlərində, yüksək səviyyəli forumlarda, konfranslarda və zirvə görüşlərində etdiyi çıxışlarda bildirdiyi mövqenin dünya birliyi, həmsədr ölkələr, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilərək ona verdiyi reaksiyadır. Dövlətimizin başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxıb getməlidirlər. Azərbaycanlı qaçqınlar, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar.

Novruz Məmmədov vurğulayıb ki, Sankt-Peterburqda bu formatda görüşlərin mütəmadi davam etdirilməsi ilə bağlı razılığa gəlinib. Bu məsələdə də Ermənistan tərəfinin atacağı addımlardan çox şey asılıdır.