YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Azərbaycanda əsrlərdən bəri formalaşan multikultural dəyərləri başqa xalqlar və cəmiyyətlər ilə bölüşməyə hazırıq

«“Multikulturalizm ili” çərçivəsində Azərbaycan dini tolerantlıq modelinin Avropa ölkələrində nümayiş etdirilməsi artıq ənənəyə çevrilir». Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, Azərbaycanda əsrlərdən bəri formalaşan multikultural dəyərləri biz bu gün başqa xalqlar və cəmiyyətlər ilə bölüşməyə hazırıq. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin multikulturalizmi Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırması, əslində, bütün sülhsevər dünya ictimaiyyətinə, eyni zamanda, dövlətlərinə bir dəyərli mesaj idi.

«Azərbaycan Prezidenti qeyd edir ki, multikulturalizm Azərbaycan xalqına əsrlər boyu xas olan bir dəyərdir. Biz bunu qorumuşuq. Amma biz bunu təkcə Azərbaycan üçün qorumamışıq. Bütün dünya üçün qorumuşuq. Baxın, bu gün Azərbaycan öz mədəni-tarixi abidələrini (xüsusilə, dini abidələrini) bərpa edir, onlara yeni həyat verir. Ulu öndərin, Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər əvəzsizdir. Bizim görüşlər zamanı dini konfessiya rəhbərləri bu məlumatları təfərrüatı ilə xarici din və elm xadimlərinə, diplomatlara və parlament üzvlərinə çatdıranda bunun əks-sədası həqiqətən möhtəşəm olurdu. Bununla yanaşı, bu gün Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın gördüyü işlər miqyası ilə sərhədlər aşır. Bu gün Fransada, İtaliyada, Pakistanda, Rusiyada əsl multikultural layihələrə məhz Azərbaycan imza atır. Bu, Azərbaycan multikultural siyasətinin dünyaya çıxışı deməkdir»- deyə, K.Abdullayev qeyd edib.