YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın sessiyasında Avropada qadın problemlərindən bəhs edilib

İyunun 21-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova çıxış edib. O, “Silahlı qüvvələrdə qadınlar: bərabərliyi təşviq etmək, zorakılığa son qoymaq” adlı məruzəni hazırladığına görə Marivon Blondinə təşəkkür edərək son onilliklərdə Avropada qadınların silahlı qüvvələrin sırasına qoşulmasından və onların üzləşdiyi problemlərdən danışıb, bu məsələnin müzakirəsinin vacibliyini vurğulayıb.

Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici qismində S.Qafarova bir çox Qərb ölkələrində hərbidə qadınların üzləşdiyi ayrı-seçkiliklə bərabər, silahlı qüvvələr sırasında qadınlara qarşı təcavüz və zorakılığın da qaçılmaz olduğunu qeyd edib. O, bir çox qərarların qəbul edilməsinə baxmayaraq, bəzi Avropa ölkələrində yüz milyonlarla qadının ayrı-seçkilik qurbanı olduğunu diqqətə çatdırıb.

Avropa Şurasının 47 üzv ölkəsinin, eləcə də müşahidəçi statusunda olan ölkələrin parlamentarilərini birləşdirən “Zorakılıqdan azad qadın” parlament şəbəkəsinin rolunu xüsusi vurğulayan deputat bununla bağlı Avropa Şurası və İstanbul konvensiyalarının əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, bütün qadınlara hörmət edilməli və onlar qorxu və zorakılıqdan uzaq bir həyatla təmin olunmalıdırlar. Dünyanın hansı guşəsində olursa–olsun qadınları unutmamalıyıq. Qadınlara qarşı zorakılıq cəzasız qalmamalıdır. Qadınları zorakılıqdan qorumaq lazımdır. Qadınlara şiddət göstərən hər kəs ədalət məhkəməsində cavab verməlidir.