YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirən amillərdən biri ölkəmizin mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsidir

«Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirən, davamlı uğurları şərtləndirən amillərdən biri ölkəmizin dünyamiqyaslı mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsidir». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, çoxsaylı forumların, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin, “Baku-2015” ilk Avropa Oyunlarının və digər idman, mədəniyyət tədbirlərinin ölkəmizdə uğurla keçirilməsi Azərbaycanın beynəlxalq dialoq məkanı kimi çıxış etməsini göstərir. Onun sözlərinə görə, beynəlxalq idman yarışlarının keçirilməsi də Azərbaycanın dünyada nüfuzunu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır.

«Beynəlxalq təcrübədən bəllidir ki, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. Bu məsələnin Azərbaycan təcrübəsinə gəldikdə tərəddüdsüz qeyd etmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Dünya ictimaiyyəti hər hansı bir beynəlxalq tədbirin keçirilməsini o dövlətə etibar edir ki, ölkə müəyyən tələblərə cavab verməlidir. Bunların sırasına ölkənin  normal iqtisadi inkişaf tempinə malik olması, ictimai-siyasi sabitliyin mövcudluğu, yerli qanunvericiliyin beynəlxalq qanunvericiliyə zidd olmaması digər amillər daxildir. Azərbaycan da bu tələblərə cavab verir. Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan dünyanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq»- deyə, S.Hüseynova vurğulayıb.