YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ölkəmizə əlamətdar bir gündə - 15 iyun Milli Qurtuluş Günündə səfər etmələrinin əhəmiyyətini bildirdilər. Onlar Bakıda keçiriləcək Formula-1 yarışlarının beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyini vurğuladılar. Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığa toxunan qonaqlar bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırdılar. Həmməruzəçilər “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Prezidentinin Sərəncamının və Amnistiya aktı haqqında qərarın qəbul edilməsinin Avropa Şurası tərəfindən alqışlandığını dedilər və bunların önəmini vurğuladılar.

Dövlətimizin başçısı ölkəmiz ilə Avropa Şurası arasında uzun illər səmərəli və konstruktiv əməkdaşlığın həyata keçirildiyini bildirdi və əməkdaşlığımızın hazırkı səviyyəsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatın ən fəal üzvlərindən biri olduğunu dedi. Dövlətimizin başçısı əməkdaşlığımızın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.